REGİONLAR


Qubada 37 sahibkara 1 milyon manatdan çox güzəştli kredit verilib VİDEO

Quba, 22 iyun, Elxan Yusifli, AZƏRTAC

İyunun 22-də Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 37 sahibkara 1 milyon manatdan çox güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq və bağçılıq təsərrüfatlarının, istixana kompleksinin genişləndirilməsinə, tikinti materiallarının istehsalına və digər sahələrə yönəldiləcək. Bununla da 70-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.

AZƏRTAC xəbər verir ki, kreditlər İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarların maarifləndirilməsi, onlara maliyyə dəstəyinin göstərilməsi məqsədilə Quba rayonunun Timiryazev qəsəbəsində keçirilən işgüzar forum çərçivəsində təqdim olunub.

İşgüzar forumda Quba rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan intensiv bağçılıq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, müasir meyvə-tərəvəz emalı, qablaşdırma materialı istehsalı və meyvəqurutma müəssisələrinin, otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Tədbirdə kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

Fondun icraçı direktoru Şirzad Abdullayev məlumat verib ki, 2017-ci ilin ötən dövründə 653 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 50 milyon manata yaxın güzəştli kredit yönəldilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 2 minə yaxın yeni iş yerinin yaradılmasına imkan yaradır. Ümumilikdə isə indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 min 380 investisiya layihəsinin maliyyələşdirilməsinə 186,2 milyon manat güzəştli kredit verilib.

Forum çərçivəsində Qubanın Timiryazev qəsəbəsində gündəlik istehsal gücü 10 ton olan çörək zavoduna və Dəlləkli kəndində intensiv bağçılıq təsərrüfatına baxış keçirilib. Hər iki investisiya layihəsinin reallaşdırılmasında güzəştli kreditlərdən istifadə edilib.

Sahibkarlığa Kömək Milli Fondu tərəfindən son illər 31 çörək istehsalı müəssisəsinin maliyyələşdirilməsinə 55 milyon manat güzəştli kredit ayrılıb. Artıq 29 müəssisə istifadəyə verilib.

Bundan əlavə, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 51 logistik mərkəzin yaradılmasına 163 milyon manat və 38 intensiv bağçılıq, tingçilik və üzümçülük təsərrüfatlarının yaradılmasına 56,6 milyon manat güzəştli kredit yönəldilib. Logistik mərkəzlər əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında, ixracın artmasında əhəmiyyətli rol oynayır və regionlarda yeni intensiv meyvə bağlarının salınmasını stimullaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.