İDMAN
Qubada “Challenge Tour”un keçirilməsi Azərbaycan Qolf Federasiyasına göstərilən böyük etimadın əyani təzahürüdür VİDEO
Quba, 30 iyul (AZƏRTAC, Elxan Yusifli). Qubada dünya səviyyəli qolfçuların iştirakı ilə “Challenge Tour”un keçirilməsi cəmi iki ildir ki, fəaliyyət göstərən Azərbaycan Qolf Federasiyasına böyük etimadın əyani təzahürüdür.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın milli qolf yığmasının baş məşqçisi Spenser Li Henderson Quba Milli Qolf Klubunda təşkil olunan yarış haqqında danışarkən bildirib. O, qeyd edib ki, Azərbaycanda ilk dəfə keçiriləcək bu mötəbər yarışa dünyanın 72 ölkəsindən 156 peşəkar qolfçunun qatılması turnirin yüksək səviyyəsindən xəbər verir. Baş məşqçi deyib ki, turnir keçirilən müddətdə bütün qolfsevərlərin diqqəti ölkəmizə yönələcək.
Spenser Li Henderson bildirib ki, dünya səviyyəli oyunçuların iştirak edəcəkləri “Challenge Tour”un təşkili ölkəmizdə qolfun inkişafına təkan verməklə yanaşı, Azərbaycanın yeni qolf məkanı kimi tanınmasında böyük rol oynayacaq.
Baş məşqçi Qubada yerləşən Milli Qolf Klubunda yarışın keçirilməsi üçün ideal şəraitin olduğunu da qeyd edib.