CƏMİYYƏT


Qubada “Müstəqilliyin 25 ili: Azərbaycançılıq ideyası və dil siyasəti” kitabinın təqdimatı keçirilib

A+ A

Bakı, 3 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Türk Dünyası İnfo” İctimai Birliyi (İB) “Müstəqilliyin 25 ili: Azərbaycançılıq ideyası və milli mənəvi inkişaf mövzusunda araşdırmalar və tədbirlər” adlı layihəni davam etdirir. Birlik layihənin tərkib hissəsi olaraq nəşr etdirdiyi “Müstəqilliyin 25 ili: Azərbaycançılıq ideyası və dil siyasəti” kitabını bölgələrdə ictimaiyyətin nümayəndələrinə təqdim edir. Nəşrin məsləhətçisi professor, Mili Məclisin deputatı Nizami Cəfərov, layihənin rəhbəri və tərtibçi Dəyanət Osmanlıdır.

İB-dən AZƏRTAC-a bildirilib ki, kitabın təqdimatı ilk olaraq Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində keçirilib. Tədbirə rayonun elm-mədəniyyət işçiləri, yaradıcı nəslin nümayəndələri qatılıblar.

Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin əməkdaşı Anar Məmmədov, layihənin rəhbəri Dəyanət Osmanlı, kitabın redaktorları Əkbər Qoşalı, İbrahim İlyaslı, şair Ramiz Qusarçaylı, rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin direktoru Saməddin Nəsirov və Paşaoba kəndi tam orta məktəbinin müəllimi Telman Qurbanov çıxış edərək ölkəmizin müstəqilliyinə həsr olunmuş layihənin əhəmiyyətindən danışmışlar. Layihə əsasında çap olunan “Müstəqilliyin 25 ili: Azərbaycançılıq ideyası və dil siyasəti” kitabının elmi-mədəni dairələr, yaradıcı insanlar üçün mühüm bir vəsait olduğu xüsusilə vurğulanıb.

Qeyd edilib ki, ölkəmizin müstəqilliyinin 25 illik tarixində azərbaycançılıq ideyasının dövlət ideologiyasına çevrilməsi və dövlətimizin dil siyasəti prosesinin araşdırılması dəyərli təşəbbüsdür. Kitabda ümummilli lider Heydər Əliyevin gerçəkləşdirdiyi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında milli həmrəyliyin yaranmasındakı rolu diqqət mərkəzinə çəkilib, ana dilinin təkmilləşdirilməsi yönündə görülmüş işlərə nəzər salınıb. Nəşr elmi-mədəni dairələr, yazarlar və yaradıcı gənc nəslin nümayəndələri arasında böyük ictimai dəyər kəsb edən azərbaycançılıq və dövlətimizin ana dilinin inkişafına qayğısı məsələlərinin öyrənilməsi, o cümlədən milli mənəvi dəyərlərimizin təbliği baxımından aktuallıq daşıyır. Sözügedən kitabın nəşri ilə azərbaycançılıq ideologiyasının xalqımızın milli mənəvi inkişafında, ana dilimizin qorunmasında və zənginləşməsində rolunu əks etdirən sənəd və materiallar oxucuların diqqətinə təqdim olunur.

Sonda “Türk Dünyası İnfo” İB tərəfindən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə və tədbir iştirakçılarına kitablar hədiyyə olunub.

Kitabın növbəti təqdimat mərasimi Sumqayıt şəhərində keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.