REGİONLAR
Qubada Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi evlər inşa olunub VİDEO
Quba, 13 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Quba rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün altı fərdi ev inşa olunub.
AZƏRTAC xəbər verir ki, fərdi evlərin üçü Zərdabi qəsəbəsində, ikisi İkinci Nügədi, biri isə Püstəqasım kəndində inşa edilib. Tikintisinə 2015-ci ilin yanvar ayından başlanılan evlər iki və üç otaqlıdır. Mənzillər mətbəx, hamam və sanitar qovşaqla təmin olunub. Həyətyanı torpaq sahəsi ilə təmin edilən evlərin yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulub. Hazırda evlərdə son tamamlama işləri aparılır.
Quba Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən bildirilib ki, 2018-ci ilədək bu kateqoriyadan olan daha 55 ailə üçün də fərdi evlər tikiləcək.
Ümumiyyətlə, son illərdə Quba rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə bu kateqoriyadan olan 126 ailə fərdi ev və mənzillərlə təmin olunub.