CƏMİYYƏT
Qubada hemofiliyalı xəstələrin stomatoloji problemlərinə dair maarifləndirici tədbir təşkil olunub
Bakı, 22 noyabr, AZƏRTAC
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası hemofiliyalı xəstələrin stomatoloji problemlərinin aşkarlanması və aradan qaldırılması üçün Quba rayonunda maarifləndirici tədbir keçirib.
Assosiasiyanın mətbuat katibi Fuad Rəsulun AZƏRTAC-a verdiyi məlumata görə, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Maarifləndirmə və profilaktik tədbirlərlə hemofiliyalı xəstələr üçün stomatoloji xidmətin təkmilləşdirilməsi” layihəsi çərçivəsində ilk dəfə təşkil olunub. Əsas məqsəd irsi qan xəstəliklərindən əziyyət çəkən insanların ağız boşluğunda olan problemlərin aradan qaldırılması və dişlərinin sağlamlığının qorunmasıdır.
Tədbirdə çıxış edən Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının icraçı direktoru Ayaz Hüseynov qeyd edib ki, bu sahədə artıq Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya kafedrasının mütəxəssisləri ilə əməkdaşlığın qurulması üçün mühüm addımlar atılıb.