REGİONLAR
Qubada hərbi-vətənpərvərlik mövzusunda konsert VİDEO
Quba, 22 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 22-də Qubadakı “Yaşıl teatr”da hərbi-vətənpərvərlik mövzusunda konsert proqramı təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi “Vətənin müdafiəsinə hazıram!” adlı tədbirdə rayon ictimaiyyət nümayəndələri, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.
Dövlət Xidmətinin şöbə rəisi polkovnik Rasim Şirinov bildirib ki, yeniyetmə və gənclərdə vətənpərvərlik hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədilə mütəmadi olaraq ictimai tədbirlər keçirilir. Bu tədbirlərdə Azərbaycanın hərbi gücü, ordu quruculuğu sahəsində aparılan uğurlu siyasət və əldə olunan nailiyyətlər təbliğ edilir.
Rasim Şirinov çıxışında vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin ölkə miqyasında geniş qeyd olunması tariximizə verilən yüksək qiymətin göstəricisidir.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev ordu quruculuğu prosesində qazanılmış nailiyyətlərdən danışıb. Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri ən müasir hərbi texnikaya, güclü maddi-texniki bazaya və mükəmməl döyüş hazırlığına malik bir ordudur. Bu ordu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.
Tədbirdə Quba məktəbliləri arasında keçirilən "Azərbaycan dövlətçilik tarixində Xalq Cümhuriyyətinin rolu" mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Bununla yanaşı şəhid ailəsinin üzvünə, müharibə veteranına, “Gənclərin çağırışaqədərki hazırlığı” fənni müəlliminə və bu fənn üzrə yüksək nailiyyət göstərən şagirdə də xüsusi mükafatlar təqdim olunub.
Konsert proqramında vətənpərvərlik mahnılarının məşhur ifaçısı Şəmistan Əlizamanlı və Quba rayon məktəblərinin özfəaliyyət kollektivləri çıxış ediblər.