REGİONLAR
Qubada iki nəfər günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilib
Quba, 4 iyul, Elxan Yusifli, AZƏRTAC
İyulun 4-də Qubada iki nəfər günvurma diaqnozu ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, Quba rayon sakini 63 yaşlı Alik Şıxəliyev və Qusarın Hil kənd sakini, 18 yaşlı Amid Hasəliyev xəstəxanaya gətiriləndə vəziyyətləri ağır olduğundan reanimasiya şöbəsinə yerləşdiriliblər. Müvafiq tibbi yardımdan sonra vəziyyəti sabitləşən A.Hasəliyev evə buraxılıb. Alik Şıxəliyevin müalicəsi isə davam etdirilir.
Mütəxəssislər gün vurmadan qorunmaq məqsədi ilə günorta vaxtlarında açıq havada çox olmamağı, qoruyucu vasitələrdən istifadə etməyi, çoxlu sərin maye qəbul etməyi məsləhət görürlər. Günvurmanın ilkin əlamətləri görünən kimi zərərçəkəni kölgəyə və ya sərin otağa aparmaq, soyuq su vermək lazımdır. Xəstənin vəziyyəti ağırlaşarsa, dərhal təcili yardım çağırmaq vacibdir.