Qubada intellektual yarışın qalibləri mükafatlandırılıb
Quba, 21 dekabr, Elxan Yusifli, AZƏRTAC
Qubada 16 komandanın yarışdığı “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə qaliblər müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı “Arifə bir işarə” layihəsi çərçivəsində keçirilən yarışda 100-yə yaxın yeniyetmə və gənc təmsil olunub.
Yarışın nəticələrinə əsasən, Quba şəhərini təmsil edən “İstedadlar” komandası birinci, Zərdabi qəsəbəsinin “Atom” komandası ikinci yerə layiq görülüb.
Mükafatlandırma mərasimində layihə rəhbəri Ramin Mahmudov bildirib ki, intellektual yarışlar “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrasına dəstək vermək məqsədilə icra edilir. Layihə şimal zonasına daxil olan Xızı, Siyəzən, Şabran, Xaçmaz, Qusar və Quba rayonlarında yaşayan və təhsil alan yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsinə xidmət etmək, eyni zamanda, intellektual oyunlar vasitəsilə Azərbaycanımızın mədəniyyəti, tarixi, coğrafiyası, adət-ənənələri barədə biliklərini daha da artırmaq məqsədi daşıyır.
Layihə çərçivəsində bu günə qədər şimal rayonlarında yaşayan və təhsil alan 300 nəfərdən çox yeniyetmə və gənc intellektual turnirlərə cəlb olunub.
Quba rayon Gənclər və İdman İdarəsinin rəis müavini Mənsur Ağayev, Quba rayon Təhsil Şöbəsinin əməkdaşı Mehparə Rüstəmova bu kimi layihə və tədbirlərin gənc nəslin təhsilə marağının artırılmasında, eləcə də məntiqi düşünmə bacarıqlarının inkişafında, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsində əhəmiyyətli rol oynadığını qeyd ediblər.
Çıxışlarda Azərbaycan Gənclər Fondunun gənclərə və gənclər təşkilatlarına göstərdiyi dəstəkdən danışılıb, fondun qrant proqramları barədə məlumat verib.
Yarışın yekununda qalib və mükafatçılar diplom, medal və kubokla təltif edilib.