REGİONLAR


Qubada keçirilən “Kitab bayramı”nda 100-ə yaxın oxucu kitabxanaya üzv qəbul edilib

Quba, 26 may, Elxan Yusifli, AZƏRTAC

Qubada keçirilən kitab bayramında oxuculara 1500-dən çox kitab təqdim olunub.

AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan IX ənənəvi kitab bayramında rayonun idarə və təşkilatlarının rəhbərləri, kitabxana, mədəniyyət, təhsil işçiləri və məktəblilər iştirak ediblər.

Quba Rayon İcra Hakimiyyətinin, Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə Quba mərkəzləşdirilmiş kitabxanalar sisteminin təşkilatçılığı ilə keçirilən “Kitab bayramı”nda fəal oxucular və kitabxana işçiləri səmərəli fəaliyyətinə görə fəxri fərmanlarla təltif ediliblər.

Mərasimdə “Tarix yaradan şəxsiyyət”, “Doğma Qarabağım”, “Kitabxanalarımız bu gün”, “Müasir Quba yazarları”, “Azərbaycan folkloru”, “Dünyanı dolaşan mədəniyyətimiz” və başqa mövzularda kitab stendləri qurulub. Tədbir zamanı 100-ə yaxın oxucu kitabxanaya üzv qəbul edilib.

Quba rayon mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Saməddin Nəsirov bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd kitabxanaların oxucu sayını artırmaq və kitabsevərləri yeni nəşrlər haqqında məlumatlandırmaqdan ibarətdir.

Kitab bayramında nümayiş etdirilən maraqlı kompozisiyalar, eləcə də istedadlı balacaların ifasında təqdim olunan rəqslər və milli oyunlar maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.