REGİONLAR
Qubada keçirilən beynəlxalq folklor-rəqs festivalına 7 ölkədən 700-dən çox iştirakçı qatılıb VİDEO
Quba, 10 iyul, Elxan Yusifli, AZƏRTAC
Quba şəhərindəki “Yaşıl teatr”da keçirilən “Dostluq körpüsü” adlı Uşaqların və Gənclərin II Beynəlxalq Folklor-Rəqs Festivalında Azərbaycan, İsrail, Rusiya (Qaraçay-Çərkəz Respublikası və Şimali Osetiya-Alaniya Respublikası), İran, Moldova, Gürcüstan və Latviya nümayəndələri iştirak edib.
AZƏRTAC xəbər verir ki, konsert proqramından əvvəl festival iştirakçıları ilə Quba Rayon İcra Hakimiyyətində görüş təşkil olunub. Qonaqlara rayon haqqında ətraflı məlumat verilib və xatirə hədiyyələri təqdim edilib.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən, xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədi daşıyan festivala müxtəlif rəqs qruplarının və kollektivlərin tərkibində, ümumilikdə, 700 nəfərdən çox iştirakçı qatılıb. Onlardan 576-sı qonaq, 130-u isə yerli iştirakçıdır.
Rəngarəng rəqslərin təqdim olunduğu tədbirdə məlumat verilib ki, Quba Rayon Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvləri 2011-ci ildən ənənəvi olaraq bir sıra beynəlxalq festival və müsabiqələrdə uğurla iştirak edərək mükafatlara layiq görülüblər. Bu müsabiqələr çərçivəsində mərkəzin dərnək üzvlərinin Azərbaycanın adət və ənənələri ilə bağlı təqdimatları da olub.
Artıq ikinci ildir keçirilən rəqs və folklor bayramı rayon sakinləri və qonaqlar tərəfindən maraqla qarşılanıb.
“Dostluq körpüsü” adlı Uşaqların və Gənclərin II Beynəlxalq Folklor-Rəqs Festivalının ilk təqdimatı iyulun 9-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında keçirilib.
Festival iştirakçılarının daha bir konserti isə iyulun 11-də Bakı şəhərində təşkil olunacaq.