REGİONLAR
Qubada keçirilən beynəlxalq yarışda 800-ə yaxın taekvondoçu qüvvəsini sınayır VİDEO
Quba, 22 iyul, Elxan Yusifli, AZƏRTAC
İyulun 22-də Qubada dörd ölkənin idmançılarının iştirakı ilə keçirilən “Umid Cup” beynəlxalq taekvondo çempionatına start verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının dəstəyi və “Ümid” taekvondo klubunun təşkilatçılığı ilə Quba Olimpiya İdman Kompleksində keçirilən beynəlxalq yarışda 800-ə yaxın idmançı qüvvəsini sınayır.
Yarışda Azərbaycanda fəaliyyət göstərən idman cəmiyyətləri və klubların idmançıları ilə yanaşı, Rusiya, İran və Gürcüstan taekvondoçuları da medallar uğrunda mübarizə aparır.
Açılış mərasimində çıxış edənlər ölkəmizdə idmana göstərilən dövlət qayğısından söz açaraq, bu kimi yarışların əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, beynəlxalq turnirin keçirilməsində əsas məqsəd taekvondo idman növünü populyarlaşdırmaq, perspektivli idmançıları üzə çıxarmaq və beynəlxalq təcrübəni artırmaqdan ibarətdir.
Turnir 2008-2009-cu, 2006-2007-ci, 2003-2005–ci və 2000-2002-ci il təvəllüdlü oğlan və qız taekvondoçular arasında təşkil edilib.
Üç gün davam edəcək yarışa iyulun 24-də yekun vurulacaq.
“DAEDO” beynəlxalq taekvondo qaydaları üzrə keçiriləcək turnirdə mükafatçılar sırasında yer alan idmançılar “Ümid” klubunun müvafiq diplom və medalları ilə təltif olunacaq.