REGİONLAR
Qubada keçirilən təmizlik aksiyasına yüzə yaxın gənc qoşulub VİDEO
Quba, 23 avqust, Elxan Yusifli, AZƏRTAC
Avqustun 23-də Qubada “Könüllülər Yurdu - Azərbaycan” layihəsi çərçivəsində təmizlik aksiyası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, aksiyaya qoşulan 100-ə yaxın gənc müəyyən ərazinin tullantılardan təmizlənməsində fəal iştirak edib.
“ASAN Könüllüləri” Təşkilatının Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə reallaşdırdığı “Könüllülər Yurdu - Azərbaycan” layihəsi respublikanın 24 şəhər və rayonunu əhatə edir.
Layihə çərçivəsində keçirilən təlimlərdə gənclər “ASAN Könüllüləri” Təşkilatının əməkdaşları tərəfindən könüllülərin cəmiyyətə aşıladıqları dəyərlər və bununla bərabər özünüinkişaf meyarları haqqında məlumatlandırılırlar.
“Könüllülər yurdu - Azərbaycan” layihəsi çərçivəsində könüllülər tərəfindən “Yol hərəkəti qaydaları”, “Heyvanların qorunması”, “Kitab oxuma”, “Hüquqi maarifləndirmə”, “Siqaretə qarşı mübarizə”, “Kitab mübadiləsi”, “Ətraf mühitin təmizlənməsi”, “Bərpa işləri” adlı sosial aksiyaların keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində mindən çox gəncin təlim və sosial aksiyalarda iştirakı, 80 mindən artıq vətəndaşın könüllülük fəaliyyəti haqqında məlumatlandırılması planlaşdırılır.