REGİONLAR
Qubada keçirilən voleybol turnirinin qalibləri müəyyənləşib
Quba, 28 may , Elxan Yusifli, AZƏRTAC
Qubada voleybol üzrə yeniyetmə və gənc oğlanlar arasında təşkil olunan turnirin qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, “Olimpiya mükafatçıları milli sərvətimizdir! - Rio-2016-ya ictimai dəstək” layihəsi çərçivəsində keçirilən yarış Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə Qubada fəaliyyət göstərən “Yurd” İctimai Birliyi tərəfindən təşkil edilib.
Layihə region gəncləri arasında voleybola marağın artırılması, ölkəmizin idman nailiyyətlərinin gənc nəsil arasında təbliği və avqust ayında Braziliyanın Rio-de-Janeyro şəhərində start götürəcək Olimpiya Oyunlarında idmançılarımıza ictimai dəstək məqsədi daşıyır.
Yarışın əsasnaməsinə uyğun olaraq, dörd komanda yarımfinal mərhələsində mübarizə aparıb.
Gərgin qarşılaşmalardan sonra Zərdabi və Qırmızı Qəsəbənin voleybol kollektivləri finala vəsiqə əldə edib. Finalda rəqibini 2:0 hesabı ilə məğlub edən Zərdabi komandası turnirin qalibi adını qazanıb. Aşağı Atuc komandasına qalib gələn Ağbil kəndinin voleybolçuları isə üçüncü yeri tutublar.
Qalib və mükafatçılara diplomlar, xüsusi bukletlər, kubok və medallar, “Azərbaycan idmançıları olimpiadalarda” adlı statistik məlumatların əks olunduğu kitabça təqdim edilib.
Layihə çərçivəsində Quba rayonunun Püstəqasım kəndində stolüstü tennis, Dağlı kəndində qızlar arasında voleybol, Qaraçay kəndində isə oğlanlar arasında 3X3 basketbol növü üzrə turnirlər keçirilib.