REGİONLAR
Qubada keçirilən zona müşavirəsində heyvandarlıq sahəsinin daha da inkişaf etdirilməsi yolları müzakirə olunub
Quba, 30 iyun, Elxan Yusifli, AZƏRTAC
İyunun 30-da Qubada heyvandarlıq sahəsində prioritetlərin müəyyən edilməsi, damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, yerlərdə heyvanların süni mayalandırılması işinin daha səmərəli təşkili ilə əlaqədar zona müşavirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, müşavirədə Quba, Qusar, Şabran, Siyəzən, Xaçmaz və Xızı rayonlarından heyvandarlıqla məşğul olan fermerlər, süni mayalama və heyvandarlıq mütəxəssisləri, arıçılıq sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər iştirak ediblər.
Regional tədbirdə heyvanların süni mayalandırılmasında istifadə olunan genetik materialın müayinə edilməsi, zona baytarlıq laboratoriyalarının fəaliyyətinin genişləndirilməsi, arıxanaların qeydiyyatının aparılması və məlumatların elektron bazasının yaradılması, yem istehsalının təşkili, bölgə üçün xarakterik olan heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması əsas müzakirə mövzusu olub.
Kənd Təsərrüfatı Nazirliyi Aparatının heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev çıxışında 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib. Bildirilib ki, ölkəmizdə heyvandarlığın intensiv metodlarla inkişafı, yem istehsalının tələbata uyğun təşkili, heyvandarlıqda damazlıq-seleksiya işlərinin daha da yaxşılaşdırılması məqsədi ilə mütərəqqi texnologiyalardan istifadə, bu sahədə zona baytarlıq laboratoriyalarında işlərin mərkəzləşmiş qaydada qurulması və arıçılığın daha da inkişaf etdirilməsi üçün işlər aparılır.
Zona müşavirəsində Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat, Baytarlıq Elmi-Tədqiqat, Yemçilik, Çəmənçilik və Otlaqlar Elmi-Tədqiqat institutlarının və Göygöl Süni Mayalama Mərkəzinin əməkdaşlarının “Heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili”, “Heyvandarlıqda möhkəm yem bazasının yaradılması yolları” və “Heyvan xəstəlikləri ilə mübarizə” mövzularında təqdimatları və çıxışları dinlənilib.
Müzakirələr zamanı fermerləri və mütəxəssisləri maraqlandıran suallara ətraflı cavab verilib və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Zona müşavirəsinin sonunda yüksək məhsuldar heyvan saxlayan kiçikhəcmli ailə təsərrüfatlarında və peşəkar arıçılıq təsərrüfatında qabaqcıl təcrübə nümayiş etdirilib.