REGİONLAR
Qubada region gənclərinin intellekt festivalının qalibləri mükafatlandırılıb
Quba, 12 iyul, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən reallaşdırılan “Erudit” region gənclərinin intellekt festivalının qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Quba şəhər Şahmat Məktəbində keçirilən turnirin final mərhələsində seçim turlarının qalibləri olan 8 komanda mübarizə aparıb. Final oyunlarında Qusar “Red Army”, Siyəzən “Marşal” və “Zirvə”, Şabran “Loqos”, Xaçmaz “Mein Kampf” və “Piramida”, Quba rayonu isə “Uran” və “Qımılqışlaq” komandaları ilə təmsil olunub.
Açılış mərasimində çıxış edənlər layihənin məqsədindən danışıb, Gənclər Fondunun dəstəyi ilə ölkəmizdə reallaşdırılan layihələrdən və onların əhəmiyyətindən söz açıblar. Bildirilib ki, layihə çərçivəsində şımal zonasına daxil olan Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarında keçirilən tədbirlərə, ümumilikdə, 300 nəfər gənc cəlb olunub.
Çıxışlardan sonra turnirə start verilib. Komandalar “Nə? Harada? Nə zaman?” oyunu üzrə keçirilən turnirin suallarını cavablandırıblar.
Gərgin mübarizədən sonra “Uran” komandası turnirin qalibi adını qazanıb. Xaçmaz rayonunu təmsil edən “Piramida” komandası ikinci, “Mein Kampf” komandası isə üçüncü mükafata layiq görülüb.
Yekunda qaliblərə və mükafatçılara təşkilatçılar tərəfindən kuboklar, medallar, diplomlar və kitablar təqdim edilib.