REGİONLAR
Qubada regional ictimai dinləmə keçirilib VİDEO
Quba, 14 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Oktyabrın 14-də Qubadakı Heydər Əliyev Mərkəzində şimal bölgəsi rayonlarının icra hakimiyyəti başçılarının müavinləri, dairə seçki komissiyalarının (DSK) sədrləri, bələdiyyə və yerli vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə regional ictimai dinləmə keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatı tərəfindən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın (MFP) icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə keçirilən ictimai dinləmə Mərkəzi Seçki Komissiyası (MSK) ilə birlikdə təşkil edilib.
Tədbiri Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Abidov açaraq, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər ərəfəsində Ombudsman təsisatı və MSK-nın təşkilatçılığı ilə keçirilən ictimai dinləmələrin mühüm əhəmiyyət daşıdığını vurğuladı.
Sonra Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlının “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində həyata keçirilən islahatlar: nəticələr və qarşıda duran vəzifələr”, MSK Katibliyinin təşkilat şöbəsinin əməkdaşı Faiq Bəşirovun “Azərbaycanda seçki qanunvericiliyinin təkmilləşdirilməsi və seçki hüququnun daha səmərəli təmini” mövzularında məruzələri dinlənilib.
Müzakirələr zamanı Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarının yerli icra hakimiyyətlərinin nümayəndələri, dairə və məntəqə seçki komissiyalarının üzvləri, bələdiyyələrin təmsilçiləri çıxış edərək, seçkilərə hazırlıqla bağlı görülən işlər, DSK və məntəqə seçki komissiyalarının fəaliyyəti, seçki məntəqələrinin texniki təchizatının vəziyyəti barədə məlumat veriblər.