CƏMİYYƏT


Qubada uşaq zorakılığına dair maarifləndirmə tədbiri təşkil edilib

A+ A

Bakı, 12 oktyabr, AZƏRTAC

“Sağlam Həyat” Ana və Uşaqlara Qayğı İctimai Birliyi (İB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Uşaqlar və gənclər arasında “Zorakılıqsız həyat naminə” devizi ilə aksiyaların keçirilməsi” adlı layihəsi çərçivəsində Quba rayonunda maarifləndirmə tədbiri keçirib.

İB-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə uşaqlar, valideynlər, müəllimlər və yerli icmaların nümayəndələri iştirak ediblər. Layihə rəhbəri Aytən Səfixanlı bildirib ki, məqsəd paytaxtda və regionlarda məktəblilərlə işləyən şəxslər üçün zorakılığın yolverilməzliyi ilə bağlı maarifləndirmə tədbirlərinin təşkil edilməsi və uşaqlar arasında rəsm müsabiqəsinin keçirilməsidir.

Tədbirdə ekspert qismində çıxış edən psixoloq Asəf Kərimov uşaqlara qarşı zorakılığın psixoloji aspektləri və uşaqlarda yaratdığı mənəvi-psixoloji sarsıntılar, habelə zorakılığa məruz qalan uşaqlara göstərilən psixoloji xidmətin xüsusiyyətləri, uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan qurumlar barədə iştirakçılara ətraflı məlumat verib.

Sonra uşaqlar və gənclərə qarşı zorakılıqla mübarizənin daha da gücləndirilməsi məsələləri ilə bağlı müzakirələr aparılıb, bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasına yönəlmiş bir sıra təkliflər irəli sürülüb.

Sonda müvafiq dövlət qurumları və QHT-lər tərəfindən uşaqlara qarşı zorakılığa dair hazırlanmış filmlər nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.