MƏDƏNİYYƏT
Qubada xalçaçılıq sənəti təbliğ edilir
Bakı, 1 iyun, AZƏRTAC
Quba rayonunda xalçaçılıq sənətinin inkişafı və təbliği istiqamətində təlimlər keçirilir. Təlimlər “Xalça Dünyası Assosiasiyası” İctimai Birliyi (İB) tərəfindən “Milli - mənəvi irsimiz olan xalçaçılıq sənətinin inkişafı ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində təşkil edilir.
İB-dən AZƏRTAC-a bildirilib ki, Quba rayonunda keçirilən təlimlərdə xalçaçılıq peşəsinə maraq göstərən və bu peşəyə yiyələnmək istəyən xanımlar iştirak ediblər. Təlimlərin mövzusu qədim və unudulmaqda olan xalça naxışları, sapların, rənglərin seçilməsi və düzgün istifadə olunması, xalçaların toxunduğu dəzgahlar və onlarla iş texnikasının qurulması istiqamətində və rəngkarlıq, xalçaların yuyulması, xalçaların daranması, xalçalara ilmə vurma və xalçaların qayçılanması məsələlərinə həsr edilib. Təlimdə iştirakçılara xalçaların toxunduğu dəzgahlar və onlarla iş texnikasının qurulması ilə bağlı məlumatlar, bu istiqamətdə məsləhətlər və tövsiyələr verilib.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunur.