REGİONLAR
Qubada yaşlı insanların etibarından sui-istifadə edən şəxs saxlanılıb VİDEO
Quba, 28 dekabr, Elxan Yusifli, AZƏRTAC
Qubada ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək, onların pullarını mənimsəyən rayon sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayonun Yuxarı Tülər kəndində yaşayan bir nəfər rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, bankomatdan təqaüdünü almaq istəyərkən aldadıldığını bildirib. Şikayətçi qeyd edib ki, yaşlı olduğundan tanımadığı şəxsdən kömək istəyib. Lakin həmin şəxs onu aldadaraq, kartda pul olmadığını deyərək kartı özünə qaytarıb. Şikayətçi evinə gəldikdə isə qaytarılan kartın ona məxsus olmadığını öyrənib. Dekabrın 26-da kartını yenilədikdən sonra hesabında olan 1300 manatın çıxarılmasını gördükdə, pullarının oğurlandığını anlayıb.
Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Quba rayon Səbətlər kənd sakini İsmət Şahbazov saxlanılaraq şöbəyə gətirilib. Dindirilmə zamanı o, törətdiyi əməli etiraf edərək bildirib ki, kartda olan 1300 manatı bankomatdan çıxararaq mənimsəyib.
Aparılan əməliyyat tədbirləri nəticəsində digər faktların da üstü açılıb. Belə ki, İ.Şahbazov kartlarında pul olmadığını deyərək, rayonun Qəçrəş kənd sakininin 170 və başqa bir rayon sakininin 500 manat pulunu eyni üsulla dələduzluq yolu ilə mənimsəyib.
Faktlarla bağlı Quba Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.