REGİONLAR
Qubada yeni ailə quran 1072 şəxs tibbi müayinə olunub
Quba, 10 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Azərbaycanda 2015-ci il 1 iyun tarixindən tətbiq edilən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydalarına əsasən, Qubada son dörd ayda 1072 şəxs müayinə olunub.
AZƏRTAC xəbər verir ki, nikaha daxil olmaq istəyən bu şəxslərin hər biri Quba Rayon Mərkəzi Xəstəxanasında talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçib. Müayinələr zamanı 64 nəfərdə talassemiya xəstəliyi aşkarlanıb. Nikaha daxil olmaq istəyən gənclər müayinənin nəticəsi barədə ayrı-ayrılıqda məlumatlandırılıblar. Bununla yanaşı, onlara xəstəxananın həkimləri tərəfindən tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması üzrə məsləhətlər də verilib.
Quba Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, nikaha daxil olmaq istəyən şəxslərə iki həftədən gec olmayaraq Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsinə təqdim etmək üçün tibbi arayış verilib. Arayışın etibarlılıq müddəti bir aydır.