REGİONLAR
Qubada yeni əlbəyaxa döyüş növü kəşf olunub VİDEO
Quba, 19 may, Elxan Yusifli, AZƏRTAC
Qubanın Rustov kənd sakini Əflatun İsrayılov yeni əlbəyaxa döyüş növü kəşf edib.
AZƏRTAC xəbər verir ki, “su yolu” adlanan bu döyüş növü sərt axar su hərəkətlərindən götürülüb. İkili zərbə sisteminə malik döyüş stili əsasən müdafiə xarakteri daşıyır. 2001-ci ildən bu döyüş növü ilə məşğul olan Əflatun İsrayılov kəşfini bütün dünyada tanıtmaq iddiasındadır. Onun müraciəti əsasında “su yolu” döyüş növü 2013-cü ildə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qeydiyyata alınıb. Kəşfin müəllifi döyüş növünün yaranması, qaydaları və fəlsəfəsi haqqında kitablar da yazıb.
Əflatun İsrayılov AZƏRTAC-a müsahibəsində bildirib ki, döyüş növünün tanınması üçün bir çox dünya ölkələrinin idman qurumlarına da müraciət ünvanlayıb. Bu müraciətlərə Yaponiya, İngiltərə və Amerika Birləşmiş Ştatlarından müsbət cavab gəlib və onu bu ölkələrdə keçirilən seminarlara dəvət ediblər.
Ə.İsrayılov yetirmələrinə məşqlərini adətən çay sahilində keçir. Əvvəlcədən hansısa əlbəyaxa idman növü ilə məşğul olan şəxslər “su yolu” döyüş stilini daha tez mənimsəyə bilər.
Yeni döyüş növünün müəllifi gözəl rəsm əsərləri çəkməklə də tanınır.