REGİONLAR
Qubadlı məktəbliləri qərb bölgəsinə ekskursiyaya yollanıblar VİDEO
Sumqayıt, 12 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Qubadlı məktəblilərindən ibarət qrup noyabrın 12-də “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində respublikamızın qərb bölgəsinə yollanıblar. Məktəblilər dörd gün ərzində Gəncə şəhəri, Şəmkir və Göygöl rayonları ilə tanış olacaqlar.
AZƏRTAC xəbər verir ki, yolasalma mərasimi Sumqayıt şəhərində yerləşən Qubadlı Rayon İcra Hakimiyyətinin binası qarşısında təşkil edilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva bildirib ki, şagirdlər tur-aksiyada vaxtlarını səmərəli keçirməklə yanaşı, həm də ölkəmizin rayonları, Azərbaycanın qədim tarixi-memarlıq abidələri, muzey və mərkəzləri ilə daha yaxından tanış olacaq, qərb rayonlarının görməli yerlərini gəzəcəklər. Qeyd olunub ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən “Ölkəmizi tanıyaq” layihəsi gənclərin vətənpərvərlik ruhunda böyümələrinə, dünyagörüşlərinin artmasına xidmət göstərir.
Tur iştirakçıları onlara yaradılan bu şəraitə görə dövlətimizin başçısına minnətdarlıq ediblər.
Müəllim və valideynlər məktəblilərə səfərlə bağlı tövsiyələrini verib, onlara mənalı istirahət, zəngin təəssüratlar arzulayıblar.
Sonra şagirdlər onlar üçün ayrılan avtobusla qərb bölgəsinə yola düşüblər.