REGİONLAR
Qubadlı məktəblilərinin “Məzun günü”
Sumqayıt, 14 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
İyunun 14-də Qubadlı rayonunda fəaliyyət göstərən 32 ümumtəhsil məktəbin məzunları üçün son zəng çalınıb. Rayonun Caytumas məktəb-liseyində və Qara İlyasov adına 1 nömrəli orta məktəbdə keçirilən “məzun gün”lərində Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, təhsil nazirinin müavini Firudin Qurbanov, ictimaiyyət nümayəndələri, valideynlər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Malik İsaqov məzunları təbrik edib. Bildirilib ki, dövlət başçısı İlham Əliyevin ölkə təhsilinə diqqət və qayğısı bu gün Qubadlı rayonunun təhsildə qazandığı uğurlarda da özünü göstərir. Belə ki, rayonda müasir dövrün tələbləri səviyyəsində 32 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Hazırda rayon məktəblərində 975 nəfər müəllim 8847 nəfər şagirdin təlim-tərbiyəsi ilə məşğul olur. Son illərdə 21 məktəb binası yenidən qurulub və əsaslı təmir edilib. Hazırda Xanlıq kənd ümumi orta məktəbi üçün 96 yerlik ikimərtəbəli bina inşa olunur.
Qeyd edilib ki, aparılan uğurlu təhsil siyasəti nəticəsində son illərdə rayon məktəblərini bitirən 1700-dən çox şagird yüksək bal toplayaraq respublikanın müxtəlif ali məktəblərinə qəbul olub. Onlardan 267 nəfəri 500-dən çox bal toplayıb, 5 məzun isə daha yüksək bal toplayaraq Prezident təqaüdünə layiq görülüb. Eyni zamanda, 8 nəfər Əməkdar Müəllim adına layiq görülüb, 7 müəllim isə “Tərəqqi” medalı ilə təltif olunub. Cari tədris ilində rayonun ümumtəhsil məktəblərini bitirən 494 şagirddən 419-u qəbul imtahanının I mərhələsində uğurlu nəticələr əldə ediblər.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycanda elm və təhsilə göstərilən dövlət qayğısından danışıb. Nazir müavini Prezident İlham Əliyevin təhsilə xüsusi qayğı ilə yanaşdığını diqqətə çatdırıb, ölkə təhsilinin inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətlərini vurğulayıb. Sonra tədbir məktəblilərin hazırladıqları konsert proqramı ilə davam edib, məktəbin bir qrup müəllimi fəxri fərmanla təltif olunub.