REGİONLAR
Qubadlı rayonunda məcburi köçkünlərin sosial problemləri daim diqqət mərkəzindədir
Sumqayıt, 18 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Aprelin 18-də Qubadlı Rayon İcra Hakimiyyətində birinci rübün yekunlarına dair hesabat yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, yığıncaqda çıxış edən rayon icra hakimiyyətinin başçısı Malik İsaqov respublikada birinci rübdə sosial sahədə görülən işlərdən bəhs edib, bu işlərin davamlı olacağını diqqətə çatdırıb.
Hesabat məruzəsində rayonda məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşması və sosial rifah halının yüksəlməsi istiqamətində görülən işlərdən bəhs olunub. Bildirilib ki, rüb ərzində dövlətin həyata keçirdiyi tədbirlər nəticəsində 8 ailə yeni mənzillə təmin olunub. Rayon icra hakimiyyəti tərəfindən məcburi köçkünlərin məskunlaşdıqları yaşayış yerlərində zirzəmilərdə olan sular qurudulub, kanalizasiya və su xətləri təmir edilib, bəzi imkansız ailələrə tikinti materialı ilə köməklik göstərilib.
Vurğulanıb ki, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda məskunlaşan 4 min məcburi köçkün ailəsinin yeni binalara köçürüləcəyini bildirib. Hazırda isə böyük bir qəsəbənin tikintisi davam etdirilir. Bütün bunlar dövlətin məcburi köçkünlərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Hesabat yığıncağında rayonda sosial sahədə aparılan işlərdən danışılarkən qeyd olunub ki, rüb ərzində 66 yeni iş yeri yaradılıb, rayonun daxili imkanları hesabına aztəminatlı ailələrə 19 min 200 manat maddi kömək göstərilib, ahıl qocalara, əlil uşaqlara və şəhid ailələrinə bayram sovqatı paylanılıb.
Vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığı qeyd olunaraq bildirilib ki, rüb ərzində edilən 286 müraciətin hamısına qanun daxilində baxılıb, əksər müraciətlərə imkan daxilində köməklik göstərilib, bir sıra müraciətlərə müvafiq izahatlar verilib.
Hesabat yığıncağında Prezident İlham Əliyevin dövlət strukturlarının qarşısına qoyduğu vəzifələrdən də bəhs olunub. Qeyd edilib ki, bu vəzifələrin yerinə yetirilməsi üçün rayonun bütün idarə, müəssisə və təşkilatları qüvvələri səfərbər edərək səylə çalışmalıdır.
Çıxış edənlər fəaliyyət sahələri üzrə görülən işlər barədə məlumat veriblər.
Sonda birinci rübün yekunlarına həsr edilmiş hesabat yığıncağında qərar qəbul edilib.