REGİONLAR
Qubadlı rayonundan olan məcburi köçkünlərə Novruz sovqatı paylanılıb
Sumqayıt, 18 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Novruz bayramı Qubadlı rayonunda hər il yüksək səviyyədə, təntənəli şəkildə qeyd olunur. Ənənəvi olaraq bu bayram ərəfəsində də 600-ə yaxın aztəminatlı ailəyə, o cümlədən şəhid ailələrinə Qubadlı Rayon İcra Hakimiyyəti tərəfindən bayram sovqatı paylanılıb və köçkünlərin yığcam məskunlaşdığı ərazilərdə bayram şənlikləri təşkil edilib.
AZƏRTAC xəbər verir ki, martın 18-də Novruz bayramı münasibətilə Sumqayıtdakı “28 May” Mədəniyyət Evinin qarşısında təşkil olunmuş bayram şənliyində Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, şəhərdə məskunlaşan yüzlərlə qubadlılı iştirak edib.
Əvvəlcə sərgiyə baxış keçirilib, Novruz tonqalı qalanıb.
Tonqal ətrafında məcburi köçkünlərlə görüşən icra hakimiyyətinin başçısı Malik İsaqov onları bayram münasibətilə təbrik edib. Qeyd olunub ki, Novruz bayramında qədim ənənələrin qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara baş çəkmək, onlara bayram sovqatı vermək savab işdir.
Malik İsaqov vuğulayıb ki, Qubadlı əhalisi ümummilli lider Heydər Əliyevin siyasətinə daim sadiqdir və onun layiqli davamçısı Prezident İlham Əliyevi hər zaman dəstəkləyir. Əminlik ifadə olunub ki, dövlətimizin başçısının apardığı siyasət nəticəsində torpaqlarımız işğaldan azad ediləcək və növbəti Novruz tonqalları hər kəsin öz yurdunda, öz həyətində alovlanacaq.
Tədbirdə şənliyə dəvət olunan respublikanın tanınmış incəsənət xadimlərinin və rayonun “Bərgüşad” ansamblının üzvlərinin ifasında şən mahnılar səsləndirilib. Novruzun simvolu olan Kosa və Keçəlin, kəndirbazın əyləncəli hərəkətləri tədbirə xüsusi rəng qatıb.