REGİONLAR
Qubadlı rayonunun məktəblərində ilk zəng çalınıb
AZƏRTAC xəbər verir ki, “Bilik Günü”ndə səhər tezdən rayonun bütün məktəblərində bayram əhval-ruhiyyəsi hökm sürüb. Səliqəli geyimli şagirdlər yay tətilindən sonra tam qüvvə ilə məktəbə qayıdıblar.
“Bilik Günü” münasibətilə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətinin nümayəndələri, ağsaqqallar, valideynlər, müəllimlər çıxış ediblər. Onlar məktəblilərə müvəffəqiyyətlə təhsil almağı və bilik zirvələrinə doğru inamla addımlamağı arzulayıblar. Məktəblilər arasında birinci sinif şagirdləri xüsusilə fərqləniblər: yeni dərs ilində onların sayı 940 nəfərdir.
Rayonun ən yaxşı məktəbləri sırasında Çaytumas kəndinin Hafiz Quliyev adına texniki fənlər məktəb-liseyi də vardır. Keçən əsrin 30-cu illərində yaradılmış bu məktəb 1973-cü ildən tam orta məktəb kimi fəaliyyət göstərir. Bu qabaqcıl təhsil müəssisəsi öz gözəl ənənələri ilə tanınıb. Vətənin ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş şəhidlər arasında bu məktəbin onlarla məzunu vardır. Elə məktəbə də onlardan birinin adı verilib. 2004-cü ildə Sumqayıtın 12-ci mikrorayonunda məktəb üçün ikimərtəbəli bina tikilib.
Sentyabrın 15-də liseyin gül bağçasını xatırladan həyətində “Bilik Günü”nə həsr olunmuş yaddaqalan tədbirlərdən biri keçirilib. Liseydə 400 nəfərdən çox şagird təhsil alır. Təqribən 60 şagird onun kandarına ilk dəfə ayaq basıb. Üzlərində sevinc və həyəcan olan birincilər məktəbə böyük maraq göstərərək parta arxasına keçməyə tələsiblər.
Qeyd edək ki, Qubadlı rayonunun yeddi min nəfərdən çox məktəblisi 32 orta məktəbdə təhsil alır. Rayonun bütün məktəblərində təmir işləri aparılıb. Son vaxtlar rayonun şagirdləri üçün 12 məktəb tikilib, 15 məktəbdə isə əsaslı təmir işləri görülüb. Orta məktəblər müasir avadanlıq və mebel ilə təchiz olunub. 26 məktəbdə müasir qızdırıcı sistem vardır. Rayonun şagirdlərinə 920 müəllim dərs deyir. Onların arasında yüksək dövlət mükafatlarına və fəxri adlara layiq görülmüş yeddi pedaqoq vardır.