REGİONLAR


Qubadlı sakinləri doğma yurda qayıdacaqlarına inanırlar

A+ A

Sumqayıt, 31 avqust, Ətrabə Rzayeva, AZƏRTAC 

Sumqayıtdakı Şəhidlər Xiyabanında Ermənistanın hərbi təcavüzü nəticəsində Qubadlı rayonunun işğalının 23-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, rayon ictimaiyyətinin, idarə, müəssisə və təşkilatların nümayəndələri, həmçinin qonaqlar iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Şəhidlər Xiyabanındakı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulduqdan sonra tədbir iştirakçıları şəhid məzarlarını ziyarət etdilər.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Malik İsaqov işğalın ağır nəticələrindən danışdı. Bildirdi ki, zəngin tarixə və təbii sərvətlərə malik olan rayon erməni işğalçıları tərəfindən büsbütün talanıb. Düşmənlə mübarizədə 238 nəfər Qubadlı sakini şəhid olub, 200 nəfərə yaxını ağır yaralanıb, 300-dən çoxu əlil olub, 100 nəfərdən çox insan itkin düşüb. Hazırda rayonun 36 min nəfərdən artıq əhalisi respublikamızın 41 rayonunda məcburi köçkün ömrü yaşayır.

Qeyd olundu ki, rayon sakinlərinin böyük əksəriyyəti Sumqayıt şəhərində məskunlaşıb. Harada məskunlaşmasından asılı olmayaraq əhalinin problem və çətinlikləri yerli icra strukturlarının diqqətindədir. Bu isə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən siyasətin yerlərdə layiqincə icrasının təzahürüdür.

Dövlətimiz və hökumətimiz məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmini sahəsində kompleks tədbirlər həyata keçirir. Bütün bu diqqət və qayğını minnətdarlıqla qarşılayan əhali doğma yurda qayıtmaq arzusu ilə yaşayır, buna inanır. Ötən 23 il ərzində torpaq həsrəti Qubadlı sakinlərini bir an da olsun tərk etməyib.

“Rayon əhalisi Azərbaycan dövlətinə daim sadiqdir və əmindir ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə doğma yurda qayıdacaqları gün uzaqda deyil. Orduda döyüş qabiliyyəti, mənəvi-psixoloji durum, vətənpərvərlik ruhu çox yüksəkdir. Aprel döyüşləri Azərbaycan ordusunun qüdrətini bir daha sübut etdi və göstərdi ki, bu ordu işğal altındakı ərazilərimizi düşməndən azad etməyə qadirdir”, – deyə M.İsaqov vurğuladı.

Xüsusilə qeyd olundu ki, Ali Baş Komandan İlham Əliyev tərəfindən aprel döyüşlərində fərqlənən rayon sakinləri Şükür Həmidova Azərbaycanın Milli Qəhrəmanı fəxri adı, Mais Bərxudarova isə general-mayor hərbi rütbəsi verilib.

Digər çıxış edənlər məcburi köçkün həyatı yaşayan Qubadlı əhalisinin nümayiş etdirdiyi dözümlülüyün və dövlətə sadiqliyin örnək olduğunu bildirdilər. Bütün çətinliklərə baxmayaraq, rayon əhalisi Azərbaycanda vüsət almış quruculuq işlərində fəal iştirak edirlər.

Tədbirdə beynəlxalq güclərin təcavüzkar Ermənistana heç bir təzyiq etməməsinin təəssüf doğurduğu bildirildi və dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad ediləcəyinə sonsuz inam ifadə olundu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.