REGİONLAR


Qubadlılı məcburi köçkünlərin problemləri diqqət mərkəzindədir VİDEO

A+ A

Sumqayıt, 26 iyul, AZƏRTAC 

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin ikinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn məsələlər və qarşıda duran vəzifələr Qubadlı Rayon İcra Hakimiyyətində müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, yığıncaqda rayon icra hakimiyyətinin başçısı Malik İsaqov çıxış edərək, ötən altı ayda məcburi köçkünlərin kommunal problemlərinin həlli, sosial vəziyyətlərinin yaxşılaşdırılması, təhsil, səhiyyə, mədəniyyət sisteminin inkişaf etdirilməsi, əhaliyə xidmət göstərən idarə, müəssisə və təşkilatların, yerli icra strukturlarının fəaliyyətinin səmərəli qurulması istiqamətində işlərin davam etdirildiyini bildirib. Bununla yanaşı, aztəminatlı ailələr də daim rayon icra hakimiyyətinin diqqətində olublar.

Sonra hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Sahib Əliyev qeyd edib ki, 2016-cı ilin birinci yarısında rayon üzrə 144 yeni iş yeri açılıb. Rayon Məşğulluq Mərkəzinin göndərişi ilə 117 nəfər müxtəlif təşkilatlarda işlə təmin olunub. Bildirilib ki, Saatlı rayonunda məskunlaşan 2 ailəyə, Sabirabad rayonunda isə 3 ailəyə yeni mənzil verilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Sumqayıtda 3 ailə yeni mənzillərlə təmin edilib. Bir köçkün ailəsinə Kimyaçılar qəsəbəsində idarə binasında, bir ailəyə də Şəfa sanatoriyasında mənzil verilib. Hazırda Sarıqaya ərazisindəki xəstəxana binasında, 40-cı məhəllədə köçkünlərin məskunlaşdığı binalarda dam örtüklərinin təmiri işləri həyata keçirilir. Bundan əlavə, daha 7 yerdə köçkünlərin yaşayış şəraitlərinin yaxşılaşdırılması məqsədilə fərdi yaşayış yerlərində təmir-bərpa işləri aparılır.

Binəqədi rayonu, Sarıqaya ərazisində məcburi köçkünlərin məskunlaşdığı Kondinsionerlər zavodunun sanatoriya binasında yanğın hadisəsi baş vermiş və Qubadlı rayonundan olan 14 ailəyə maddi ziyan dəymişdi. Rayon icra hakimiyyəti 2 ay müddətində, onların mənzilləri təmir edilənədək, kirayə haqlarının ödənilməsi üçün həmin ailələrin hər birinə daxili imkanlar hesabına 500 manat olmaqla, ümumilikdə, 7 min manat maddi yardım edib. Bundan əlavə, Nazirlər Kabinetinin qərarına əsasən, hər bir ailəyə 5 min manat vəsait ayrılıb. Həmin vəsait bankomatlar vasitəsilə zərər çəkmiş ailələrə ödənilib. Yanğın nəticəsində yararsız hala düşmüş sanatoriya binası qısa müddətdə əsaslı şəkildə təmir edilərək sakinlərin istifadəsinə verilib.

Məruzə ətrafında çıxışlarda hesabat dövründə görülən işlərdən bəhs edilib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən islahatlar onu deməyə əsas verir ki, əldə olunan uğurlar qarşıdakı illərdə də təmin ediləcək.

Sonda 2016-cı ilin ikinci rübündə rayon üzrə görülən işlər qənaətbəxş qiymətləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.