CƏMİYYƏT
Qubadlıya apar məni...
Bakı, 24 may, İbrahim Əsədov, AZƏRTAC
Mayın 24-də “İdrak” Liseyində “Qarabağ həftəsi” layihəsi çərçivəsində “Qubadlıya apar məni...” adlı tədbir keçirilib.
Qubadlı ziyalılarının, ictimaiyyət nümayəndələrinin, məktəblilərin iştirak etdikləri tədbir Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və lisey tərəfindən təşkil olunub.
Əvvəlcə tədbir iştirakçıları Qubadlının gözəlliklərini, füsunkar təbiətini, tarixi abidələrini əks etdirən rəsm əsərləri ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra tədbirdə Qubadlının tarixi, coğrafiyası, iqtisadiyyatı, mədəniyyət, təhsil və səhiyyə müəssisələri və s. barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, zəngin yeraltı və yerüstü sərvətlərə və əsrarəngiz təbii gözəlliyə malik olan, Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşən Qubadlı rayonu inzibati vahid kimi 1933-cü ildə yaradılıb. Rayon şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Xocavənd və Cəbrayıl, qərbdən Ermənistan ilə həmsərhəddir. Bazarçay (Bərgüşad), Həkəri, Kiçik Həkəri və çoxlu bulaqlar rayonun əsas su mənbəyidir.
Qubadlı rayonunun səthi, əsasən, dağlıqdır. Rayonda müxtəlif növ ağaclardan ibarət 13 min 160 hektar dövlət meşə fondu mövcud idi.
Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən və sahəsi 20 min hektar olan, zəngin flora və faunaya malik Qubadlı Dövlət Təbiət Yasaqlığında nəsli kəsilməkdə olan bir çox heyvan və quş növləri mühafizə olunurdu. Rayonda çoxlu mədəniyyət və təhsil müəssisələri fəaliyyət göstərirdi. Qubadlıdan görkəmli elm və mədəniyyət xadimləri çıxıb və onlar ölkəmizə əvəzsiz töhfələr veriblər.
Qubadlı Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il avqustun 31-də işğal olunub.
Erməni qəsbkarları tərəfindən rayon ərazisində meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə zəngin su mənbələri istismar olunub, özünün qeyri-adi flora və faunası ilə seçilən əsrarəngiz təbiət guşələri dağıdılıb və məhv edilib. Torpaqlarımızın qorunması uğrunda mübarizədə 238 Qubadlı sakini qəhrəmancasına şəhid olub. Yüz nəfərə qədər insan itkin düşüb və girov götürülüb. Qubadlı şəhəri və 94 kənd yerlə yeksan edilib. Döyüşlərdə qəhrəmanlıq göstərən 9 nəfər qubadlılı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Erməni silahlı birləşmələrinin təcavüzü nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş rayon sakinləri hazırda respublikanın ayrı-ayrı bölgəsində məskunlaşıblar. Azərbaycan dövləti Qubadlıdan olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görüb.
Tədbirdə Qubadlıdan bəhs edən videoçarx nümayiş etdirilib.
Liseyin təsisçisi, professor Mönsüm Alışov ermənilər tərəfindən işğal olunmuş şəhər və rayonlarımızın Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində tezliklə azad olunacağına əminliyini vurğulayıb.
Respublikamızın dilbər guşələrindən olan doğma yurda- Qubadlıya sonsuz sevgi və məhəbbətini ifadə edən professor gəncləri vətənpərvərliyə, qəhrəmanlığa çağırıb. O, eyni zamanda, layihənin əhəmiyyəti diqqətə çatdırılıb.
YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Vətən, torpaq sevgisinin müqəddəs olduğunu vurğulayıb, tədbirin iştirakçılarına təşəkkürünü bildirib.
Çıxış edən Qubadlı sakinləri doğma yurd, torpaqla bağlı hiss və duyğularını ifadə ediblər.
Məktəblilər vətənpərvərlik mövzularında şeirlər söyləyib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar göstəriblər.
Tanınmış incəsənət ustaları Qubadlıya həsr edilmiş mahnılar ifa ediblər.