REGİONLAR
Qubalı arıçı Azərbaycanda ilk dəfə arıterapiyanın yeni üsulunu tətbiq edib VİDEO
Quba, 20 iyun, Elxan Yusifli, AZƏRTAC
Arı zəhəri, arı südü, propolis və digər arı məhsulları insanlar tərəfindən müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə olunur. Son illər isə arıterapiya sahəsində daha bir səmərəli metod sürətlə yayılmaqdadır. Ölkəmiz üçün də yeni olan bu müalicə növü Azərbaycanda ilk dəfə Qubada tətbiq edilib. Söhbət arı pətəyinin içərisindəki hava ilə nəfəs almaqla müalicə olunmaq üsulundan gedir.
AZƏRTAC xəbər verir ki, qubalı Əziz Əliyev arıterapiyanın bu üsulu ilə müalicə üçün öz arıçılıq təsərrüfatında şərait yaradıb. Arıçı almaniyalı həmkarlarının təcrübəsindən yararlanaraq xüsusi avadanlıqla təmin olunan səyyar müalicə otağı qurub. Burada astma, bronxit, allergiya, xronik baş ağrısı və ağciyər xəstəliklərindən əziyyət çəkən insanlar xüsusi nəfəsliklər vasitəsilə arı pətəklərindəki havanı sormaqla müalicə olunurlar.
Arıçı Əziz Əliyev AZƏRTAC-a müsahibəsində bildirib ki, arıların pətəklərini bakteriya və mikroblardan qorumaq üçün istifadə etdikləri propolis ən təbii antibiotikdir. Pətəyin içərisindəki propolis, bal və mum isti havanın təsiri ilə müəyyən qədər buxarlanaraq havaya qatışır. Bu havanın xəstə insan tərəfindən sorulması olduqca xeyirlidir: “Xarici ölkələrdə bu müalicə metodu geniş yayılıb. Hətta arıçılıq təsərrüfatlarında istifadə olunan arı məhsulları ilə müalicə turizmin bir istiqaməti kimi inkişaf etdirilir. Azərbaycanda isə arıterapiyanın bu üsulunu ilk dəfə Qubada tətbiq etmişik. Artıq müalicə üçün müraciət edənlər var. Müalicə ödənişlidir”.
Arıterapiyanın bu üsulu ilə müalicə olunmaq üçün müraciət edənlər ən azı 5 gün pətəklərdəki hava ilə nəfəs almalıdırlar. Hər müalicə seansı 3-4 saat davam edir.
Ağbirçək Əsməxanım Ələkbərova bu üsulla müalicə olunandan sonra uzun müddət əziyyət çəkdiyi kəskin baş ağrılarına, yuxusuzluğa son qoyulduğunu və əvvəlkindən fərqli olaraq daha rahat nəfəs aldığını söyləyir.
Arıçı müraciət edənlər çox olarsa, arıterapiya üsullarının tətbiqi üçün daha geniş şərait yaratmaq fikrindədir.