REGİONLAR
Qubalı bağbanlar alma bağlarından bol məhsul vəd edir
Quba, 16 aprel, Elxan Yusifli, AZƏRTAC
Bu mövsüm Qubalı bağbanlar alma bağlarından bol məhsul əldə edəcəklər.
Bu barədə AZƏRTAC-a müsahibəsində Əhməd Rəcəbli adına Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun bitkilərin mühafizəsi şöbəsinin müdiri Mədət Qurbanov məlumat verib. Mütəxəssis qeyd edib ki, almanın çiçəklənmə və tozlanma dövründə hava şəraiti mülayim keçdiyindən məhsuldarlıq yüksək olacaq. Amma bunun üçün bağlara düzgün aqrotexniki qulluq vacib şərtdir. Fermerlər xüsusilə dərmanlamanın vaxtında, uyğun hava şəraitində və lazımi miqdarda aparılmasına diqqət yetirməlidirlər.
Üç hektara yaxın alma bağı olan qubalı fermer Nəbi Nəbiyev də bu mövsüm bol məhsul əldə edəcəyini düşünür. Alma bağına kifayət qədər mineral gübrələr verən təsərrüfatçı artıq ilkin dərmanlama prosesini də uğurla həyata keçirdiyini deyir: “İl ərzində müxtəlif xəstəliklərə və ziyanvericilərə qarşı lazımi tədbirlər görürük. Amma bəzi hallarda keyfiyyətsiz dərmanlar məhsuldarlığa ciddi ziyan vurur və zəhmətimiz puç olur. Son illər almanın məhsuldarlığı yaxşıdır. Biz təsərrüfatçılar da bağımızda daha keyfiyyətli alma növlərinin yetişdirilməsinə çalışırıq”.
Fermer Orxan Məmmədov isə alma bağından demək olar hər il bol məhsul əldə edir: “Torpaqlarımız bərəkətlidir. Artıq meyvəçilik üzrə ixtisaslaşmışıq. Bu səbəbdən də yüksək məhsuldarlığa nail olmağın yollarını gözəl bilirik. Regionumuzda tikilən soyuducu anbarlar da almanı xarab olmadan uzun müddət saxlamağa və sonradan satışını həyata keçirməyə imkan verir. Onu da deyim ki, əla növ almanı soyuducu anbarda saxladıqdan sonra rahat satmaq olur. Amma keyfiyyətinə görə ikinci, üçüncü növ almanı adətən emal müəssisələrinə təqdim edirlər. Bu baxımdan, şimal regionunda yeni emal müəssisələri açılsa daha yaxşı olar”.
Quba Rayon İcra Hakimiyyətindən bildiriblər ki, 2015-ci ilin “Kənd təsərrüfatı” ili elan olunması ilə əlaqədar bu sahəyə diqqət xüsusilə artırılıb. Rayonda meyvəçilik və bağçılığın daha da inkişaf etdirilməsi üçün ötən ilin sonu və bu ilin ilk rübü ərzində 221 hektar yeni meyvə bağları salınıb. Hazırda Quba rayonunda meyvə bağlarının sahəsi 14 min 724 hektara çatdırılıb ki, bu bağların da 14 min hektarı bar verir.