REGİONLAR
Qubalı bağbanlar tezyetişən alma sortlarından məhsul yığımına hazırlaşır
Quba, 12 iyul, Elxan Yusifli, AZƏRTAC
Qubalı bağbanlar tezyetişən alma sortlarından bol məhsul əldə edib.
AZƏRTAC xəbər verir ki, bağbanlar avqust ayından etibarən alma bağlarında məhsul yığımına başlayacaqlar. Əvvəlcə “Slava pobeditelyam”, “Qrandşteyn”, “Anis” və digər tezyetişən alma sortları yığılacaq. Bu sortların məhsulunun toplanması avqust ayının sonunadək başa çatdırılacaq.
Rayonun Zərdabi qəsəbəsində bir hektara yaxın meyvə bağında tezyetişən alma sortları becərən Cavid Cəfərov bu il məhsuldarlığın yüksək olduğunu bildirir. Fermerin fikrincə, məhsulun bolluğu qiymətlərin aşağı olmasına şərait yaradacaq. Bağbanlar meyvənin bir kiloqramının 50-60 qəpik arasında satılacağını bildirir. Yığılan meyvə yerli və paytaxt bazarlarında, eləcə də respublikamızın digər bölgələrində satılır.
Qubanın bağlarında kütləvi alma yığımına isə sentyabrın 15-dən sonra başlanılacaq.
Qeyd edək ki, şimal bölgəsində “Slava pobeditelyam” adlı tezyetişən alma növü daha çox yayılıb. Bağbanlar təxminən 100 hektara yaxın bağda həmin alma sortunu yetişdirirlər. Amma bu, ümumi alma bağlarının çox cüzi hissəsini təşkil edir. Quba rayonunda, ümumilikdə, 15 min hektar meyvə bağları mövcuddur və onun 14 min hektarı bar verir.