REGİONLAR


Qubalı gənc rəssamlar Rio-2016-ya dəstək nümayiş etdirib

A+ A

Quba, 8 iyul, Elxan Yusifli, AZƏRTAC 

Quba şəhər Gənclər Mərkəzində “Olimpiya oyunları gənc istedadların təxəyyülündə” devizi ilə istedadlı gənc rəssamların əl işlərindən ibarət sərgi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, sərgi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra edilən “Olimpiya mükafatçıları milli sərvətimizdir!-Rio-2016-ya ictimai dəstək” layihəsi çərçivəsində keçirilib.

Sərginin açılış mərasimində qeyd olunub ki, layihənin əsas məqsədi region gəncləri arasında idmana olan marağın artırılması, ölkəmizin idman nailiyyətlərinin gənc nəsil arasında təbliğ edilməsi və avqust ayında Braziliyanın Rio-de-Janeyro şəhərindəki start götürəcək olimpiya oyunlarında idmançılarımıza ictimai dəstəyin verilməsidir.

Sərgidə Quba rayonundan olan 76 rəssamın 82 əl işi nümayiş etdirilib.

Münsiflər heyətinin qərarına əsasən sərgi iştirakçıları arasından seçilən qaliblərə diplomlar təqdim olunub. Amsar kənd sakini Lamiyə Babayeva, Ağbil kənd sakini Nərmin Sultanova, Zərdabi qəsəbə sakini Murad Hacıyev, Quba şəhər sakini Fəridə Həşimova və Nərmin Kərimova ən yaxşı əl işlərinin müəllifləri kimi mükafatlandırılıblar.

Qalib və mükafatçılara layihə çərçivəsində hazırlanmış xüsusi bukletlər və “Azərbaycan idmançıları olimpiadalarda” adlı statistik məlumatların əks olunduğu kitabça təqdim olunub.

Layihə çərçivəsində bu günə qədər “Kim sevirsə idmanı, poladdan olar canı” devizi altında Quba rayonunun Püstəqasım kəndində stolüstü tennis, Dağlı kəndində qızlar arasında voleybol, Qaraçay kəndində isə oğlanlar arasında 3*3 basketbol növü üzrə idman yarışları, Qımılqışlaq, Talabıqışlaq, Afurca və Rustov kəndlərində isə “Olimpiya intellekt kuboku” adı altında intellektual oyunlar keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.