REGİONLAR
Qubalı musiqiçi kamançaya daha bir sim əlavə etmək istəyir VİDEO
Quba, 28 mart, Elxan Yusifli, AZƏRTAC
Qubalı kamança ifaçısı Məmmədəli Cəfərovun istifadə etdiyi musiqi aləti simlərinin sayına görə digər alətlərdən fərqlənir. Muğam ifasında əvəzsiz sayılan bu musiqi aləti adətən dördsimli olsa da, M.Cəfərovun kamançasında simlərin sayı beşdir.
Məmmədəli Cəfərov AZƏRTAC-a müsahibəsində bildirib ki, beşsimli kamança ona atası Nadir Cəfərovdan yadigar qalıb. Uzun müddət kamançanı təkmilləşdirmək üzərində işləyən N.Cəfərov 1983-cü ildə musiqi alətinə beşinci simi əlavə edib. Həmin vaxt bir sıra tanınmış kaman ustaları kamançanı fərdi surətdə sınaqdan keçirərək bu yenilik haqda öz fikirlərini bildiriblər. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri kafedrasında beşsimli kamançanın müzakirəsi keçirilir və təşəbbüs bəyənilir.
Atasının yolunu davam etdirən Məmmədəli Cəfərov 35 ildən çoxdur kamança ifaçılığı ilə məşğuldur. Musiqiçi bildirir ki, alətə beşinci simin əlavə olunması kamançanın səs diapazonunu genişləndirib. Bu isə məşhur dünya və Azərbaycan bəstəkarlarının əsərlərini daha rahat ifa etməyə imkan verir. Kamançanın səs tembri ilə yanaşı, görünüşü də digər alətlərdən fərqlənir. Belə ki, beşsimli kamançada aşıqların sayı da beş ədəddir.
Məmmədəli Cəfərov atası kimi kamança üzərində təcrübəni davam etdirmək niyyətindədir. Musiqiçi oktava həcmini daha da genişləndirmək üçün kamançaya altıncı simi də əlavə etməyin üzərində işləyir.