REGİONLAR
Qubalı təsərrüfatçılar alma bağlarından bol məhsul gözləyirlər VİDEO
Quba, 3 may, Elxan Yusifli, AZƏRTAC
Düzgün aqrotexniki qulluq edilərsə, qubalı təsərrüfatçılar bu il alma bağlarından bol məhsul götürəcəklər.
Bu barədə AZƏRTAC-a müsahibəsində aqrar elmlər üzrə fəlsəfə doktoru Babakişi Quliyev məlumat verib. Mütəxəssis qeyd edib ki, ötənilki quraqlıq ağaclara mənfi təsir etsə də, almanın çiçəklənmə və tozlanma dövründə hava şəraiti mülayim keçdiyindən məhsuldarlıq yüksək olacaq. Amma bunun üçün fermerlər bağlarının vaxtında suvarılmasını təşkil etməli, düzgün aqrotexniki qulluq etməlidirlər. Fermerlər xüsusilə dərmanlamanın vaxtında, uyğun hava şəraitində və lazımi miqdarda aparılmasına diqqət yetirməlidirlər.
İyirmi ilə yaxındır meyvəçiliklə məşğul olan Təbriz Rüstəmov alma bağında xəstəliklərə qarşı mübarizə tədbirləri görür. Təsərrüfatçı çiçəklənmə dövrünə qədər olan dərmanlama prosesini də uğurla həyata keçirib. T.Rüstəmov ağaclara lazımi qədər mineral gübrələr verdiyini və bağından bol məhsul gözlədiyini qeyd edir. Onu narahat edən məqam isə bağına səpdiyi dərmanların keyfiyyəti ilə bağlıdır. Bəzi hallarda preparatlar lazımi effekti vermədiyindən məhsuldarlıq aşağı düşür. Dərman satışı məntəqələrində təsərrüfatçılara təqdim olunan preparatların qiyməti baha olsa da, keyfiyyətinə zəmanət yoxdur.
Mütəxəssislər bu məsələnin həlli yolunu qiymət və keyfiyyətə nəzarətin dövlət tərəfindən tənzimlənməsində görürlər.
Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Mədət Qurbanov hesab edir ki, apteklərdə alıcılara təqdim olunan dərmanların qiymətinin müəyyənləşdirilməsi metodu bağlara verilən preparatlara da tətbiq olunmalıdır. Mütəxəssisin fikrincə, bəzi şirkətlər ziyanvericilərə qarşı dərmanları, pestisidləri dəyərindən artıq qiymətə satdıqları halda, keyfiyyətə zəmanət vermirlər. Bağbanlar bir mövsüm ərzində hər hektar alma bağının dərmanlanmasına 2 min manatdan çox vəsait xərcləyirlər. Dərman keyfiyyətsiz olduqda isə həm bu vəsait boşa xərclənmiş olur, həm də məhsuldarlığın aşağı düşməsi səbəbindən sahibkara ikiqat ziyan dəyir.
Quba rayonunda, ümumilikdə, 15 min hektara yaxın meyvə bağları mövcuddur və onun da 14 min hektarı bar verir. Alma bağlarından hər il 120 min tona yaxın məhsul əldə edilir.
Yaxın gələcəkdə Azərbaycanın şimal bölgəsində 700 hektar sahədə müasir tipli intensiv meyvə bağının salınması nəzərdə tutulub. Quba-Xaçmaz iqtisadi regionu üzrə “Müasir tipli meyvə bağlarının salınması vasitəsilə ailə-fermer təsərrüfatlarının dəstəklənməsi”nə dair pilot layihə əsasında salınacaq bağlar Quba, Qusar, Xaçmaz və Şabran rayonlarını əhatə edəcək. İntensiv becərmə texnologiyalarının tətbiq olunacağı bağlarda armud, gilas və gavalı yetişdiriləcək.