REGİONLAR
Qubalı xanımlar xalçaçılıq üzrə təlimlərə cəlb olunublar
Quba, 1 iyul, Elxan Yusifli, AZƏRTAC
Qubada “Milli - mənəvi irsimiz olan xalçaçılıq sənətinin inkişafı ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində təlimlər keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Xalça Dünyası Assosiasiyası” İctimai Birliyi tərəfindən reallaşan layihə çərçivəsində təlim iştirakçılarına xalçaların toxunduğu dəzgahlar və onlarla iş texnikasının qurulması ilə bağlı məsləhətlər və tövsiyələr verilir.
Təlim prosesində Quba rayonunda xalçaçılıq peşəsinə yiyələnmək istəyən xanımlar üçün qədim və unudulmaqda olan xalça naxışları, sapların, rənglərin seçilməsi və düzgün istifadə edilməsi, rəngkarlıq, xalçaların yuyulması, daranması, xalçalara ilmə vurma və onların qayçılanması mövzularında təlim keçirilib.
Təlimlər “Xalça Dünyası Assosiasiyası” İctimai Birliyinin sədri, Azərbaycanın ilk sahibkar xanımı Fatimət Ağamirzəyeva və layihənin təlimçisi Sara Fərzəliyeva tərəfindən aparılır.