REGİONLAR
Qubanın 20-yə yaxın kəndi ilə rabitə əlaqəsi kəsilib
Quba, 3 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Qubada güclü yağışlar nəticəsində yaranan sel rayonun telekommunikasiya sisteminə ciddi ziyan vurub.
Quba Telekommunikasiya Qovşağının rəisi Kamran Əhmədov AZƏRTAC-a bildirib ki, sel suları ümumilikdə, 1400 metr fiberoptik, 800 metrə yaxın TPP kabelini sıradan çıxarıb, 30-a yaxın dirəyi isə aparıb. Nəticədə rayonun 20-yə yaxın yaşayış məntəqəsi ilə rabitə əlaqəsi kəsilib. Qonaqkən-Söhüb, Küpçal-Qəçrəş, Zərqova-Çiçi, Xınalıq istiqamətindəki kəndlərdə fəaliyyət göstərən ATS-lər daha çox ziyan görüb.
Selin fəsadları nəticəsində Xınalıq kəndi ilə rabitə əlaqəsi tamamilə kəsilib. Dəniz səviyyəsində 2300 metr hündürlükdə yerləşən yaşayış məntəqəsində hazırda mobil operatorların xidmətlərindən belə yararlanmaq mümkün deyil.
Quba Telekommunikasiya Qovşağının əməkdaşları fəsadların aradan qaldırılması üçün fəaliyyətə başlayıb. Artıq Zərqova-Çiçi istiqamətində rabitə əlaqəsi bərpa olunub.
Qeyd edək ki, sentyabrın 1-dən 2-nə keçən gecə şimal bölgəsinə yağan güclü yağış nəticəsində yaranan sel Quba və Xaçmaz rayonlarında ciddi fəsadlar törədib. Qudyalçayın və Qaraçayın məcrasından çıxması nəticəsində Quba və Xaçmaz rayonlarının bir sıra kəndlərində evləri və təsərrüfat sahələrini su basıb.