REGİONLAR
Qubanın Hacıqayıb və Mirzəqasım kəndləri ilk dəfə təbii qazla təmin edilib VİDEO
Quba, 30 iyul, Elxan Yusifli, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Quba rayonun Hacıqayıb və Mirzəqasım kəndlərinin qazlaşdırılması başa çatdırılaraq, ümumilikdə 334 abonentə ilk dəfə “mavi yanacağ”ın verilməsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, iyulun 30-da kəndlərə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimlərdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İB-nin nümayəndələri, ziyalılar və kənd sakinləri iştirak ediblər.
Tədbirlərdə bildirilib ki, Quba rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində işlər sürətlə davam etdirilir. Bu ilin sonuna kimi rayonun daha 9 yaşayış məntəqəsi təbii qazla təmin ediləcək.
Qeyd olunub ki, Hacıqayıb kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 12 min 598 metr olan müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Bununla yanaşı, kənddəki 277 abonent üçün qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.
Əlli yeddi abonenti olan Mirzəqasım kəndinin qazlaşdırılması üçün də birpilləli sistem əsasında ümumi uzunluğu 6 min 380 metr olan müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Yaşayış məntəqəsindəki hər bir abonent üçün qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.
“Azəriqaz” İB-nin nümayəndəsi məlumat verib ki, Quba ilə yanaşı Xaçmaz, Qusar və Şabran rayonlarında da qazlaşdırma işləri sürətlə həyata keçirilir. Bu ilin sonunadək şimal bölgəsinin bu dörd rayonunda 60-dan çox yaşayış məntəqəsinin qazlaşdırılması işlərinin yekunlaşması nəzərdə tutulur.
Mərasimlərdə çıxış edən kənd sakinləri və rayon ziyalıları əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Qaz xəttinin açılışını bildirən məşəllər alovlandırıldıqdan sonra kəndlərə təbii qaz verilib.