REGİONLAR
Qubanın Talabıqışlaq kəndində 385 abonentə “mavi yanacağ”ın verilməsinə başlanılıb VİDEO
Quba, 28 noyabr, Elxan Yusifli, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Quba rayonunun Talabıqışlaq kəndinin qazlaşdırılması işi yekunlaşıb və 385 abonentə “mavi yanacağ”ın verilməsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, noyabrın 28-də Talabıqışlaq kəndinə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İB-nin nümayəndələri, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər.
Diqqətə çatdırılıb ki, 2015-ci ildə Quba rayonunda 11 kəndin qazlaşdırılması nəzərdə tutulub. Bu yaşayış məntəqələrindən 5-də artıq işlər yekunlaşıb və abonentlər “mavi yanacaq”la təmin edilib. Altı kənddə isə qazlaşdırma işləri davam etdirilir. Rayonda hazırda təbii qazdan istifadə edən abonentlərin sayı 25 minə yaxındır.
Mərasimdə çıxış edənlər kənd sakinlərini əlamətdar gün münasibətilə təbrik ediblər. Bildirilib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində də nəzərəçarpan inkişaf var. Bu sahədə görülən işlər əhalinin rifahının daha da yaxşılaşdırılması üçün atılan vacib addımlardandır.
Kənd ağsaqqalları əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb və kəndə təbii qaz verilib.