REGİONLAR
Qubanın alma bağlarında bol məhsul yetişib VİDEO
Quba, 7 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Bu il Qubanın alma bağlarında məhsuldarlıq yüksəkdir. Bağbanlar sentyabrın ikinci ongünlüyündən etibarən alma bağlarında kütləvi məhsul yığımına başlayacaqlar.
AZƏRTAC xəbər verir ki, rayonun fermerləri və fərdi təsərrüfat sahibləri məhsulun vaxtında toplanması üçün hazırlıq işlərini başa çatdırıblar. Bağlarda cərgə araları təmizlənib, meyvə tolanacaq ərazilər və saxlanclar hazır vəziyyətə gətirilib.
Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Mədət Qurbanov AZƏRTAC-a müsahibəsində bildirib ki, əksər bağbanlar yüksək keyfiyyətli, yerli bazarla yanaşı, xarici ölkələrdə satıla biləcək məhsul yetişdirməyi bacarıblar. Şimal bölgəsinin alma bağlarında daha çox məhsuldarlığı ilə seçilən Qolden delişes, Simirenko reneti sortları yetişdirilir. İntensiv bağçılıqla məşğul olan bağbanlar isə Qrani smit, Fuji sortlarına üstünlük verir.
Bağbanlar arasında meyvə yığımına başlayanlara da rast gəlmək olar. Qubanın Bağbanlı kənd sakini Teymur Seyfullayev bu il ötən illərə nisbətən bol məhsul əldə etməsinin başlıca səbəblərindən biri kimi suvarma suyu ilə təminatdakı problemlərin aradan qaldırılmasını göstərir. Toplanan məhsul ilkin mərhələdə elə bağlardaca çeşidlənərək qablaşdırılır. Bundan sonra meyvə fermerlərə məxsus xüsusi saxlanclara və rayonda fəaliyyət göstərən soyuducu anbarlara yığılır. Toplanan meyvənin müəyyən hissəsi satış üçün yerli və paytaxt bazarlarına, eləcə də respublikamızın digər bölgələrinə göndərilir. Bununla yanaşı, Quba alması daha çox qonşu Rusiya Federasiyasının müxtəlif şəhərlərindəki satış mərkəzlərinə də ixrac olunur. Keyfiyyəti nisbətən aşağı olan meyvə isə Quba və Xaçmaz rayonlarındakı emal müəssisələrinə təhvil verilir. Hazırda bağbanlar almanın bir kiloqramını keyfiyyətindən asılı olaraq 30-50 qəpiyə satırlar.
Bağ sahəsi çox olan sahibkarlar meyvənin itkisiz yığılması üçün təsərrüfatlarına əlavə işçi qüvvəsi də cəlb edirlər. Rayon bağlarında alma yığımı oktyabrın sonlarınadək davam edəcək.
Quba rayonunda, ümumilikdə, 15 min hektara yaxın meyvə bağı mövcuddur və onun 14 min hektarı bar verir.