REGİONLAR
Qubanın dağ kəndləri qazlaşdırılır VİDEO
Quba, 23 noyabr, Elxan Yusifli, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyi tərəfindən Quba rayonunun dağlıq yaşayış məntəqələri sayılan Rustov, Dəhnə, Püstəqasım və Qamqam kəndlərinin qazlaşdırılması həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu ucqar kəndlərin qazlaşdırılması 1000-ə yaxın abonentin ilk dəfə “mavi yanacaq”dan istifadəsini təmin edəcək. Yaşayış məntəqələrinin qazlaşdırılması üçün əsas daşıyıcı xətt polietilen, məhəllədaxili xətlər isə dəmir borular vasitəsilə çəkilir. Ərazidə relyefin əlverişsiz olmasına baxmayaraq, 420 abonenti olan Rustov kəndində artıq qazlaşdırma işlərinin 30 faizi görülüb. Dəhnə kəndində isə işlər yekunlaşmaq üzrədir və yaxın vaxtlarda abonentlər “mavi yanacaq”dan istifadə etməyə başlayacaqlar.
Bu dağlıq yaşayış məntəqələri ilə yanaşı, Qubanın Talabıqışlaq kəndinin qazlaşdırılması işləri də aparılır.
Hazırda şimal bölgəsinə aid dörd rayonun 32 kəndində qaz xətlərinin çəkilişi davam edir. Bu yaşayış məntəqələrindən 13-ü Qusar, 12-si Xaçmaz, 5-i Quba, 2-si isə Şabran rayonunun kəndləridir.
Cari ilin ötən dövründə şimal regionunda 28 yaşayış məntəqəsində qazlaşdırma işləri yekunlaşdırılıb və sakinlər “mavi yanacaq”la təmin edilib.