REGİONLAR
Qubanın daha bir kəndi təbii qazla təmin edilib VİDEO
Quba, 3 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Quba rayonunun Küçeyi kəndinin qazlaşdırılması işləri başa çatdırılaraq yaşayış məntəqəsinə yenidən “mavi yanacağ”ın verilməsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, 23 illik fasilədən sonra yaşayış məntəqəsinə təbii qazın verilməsi münasibətilə oktyabrın 3-də Küçeyi kəndində keçirilən mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, rayon icra hakimiyyətinin və “Azəriqaz” İB-nin nümayəndələri, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev mərasimdə çıxış edərək kənd sakinlərini əlamətdar gün münasibətilə təbrik edib. Bildirilib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində də nəzərəçarpan inkişaf var. Hazırda Azərbaycanın bütün bölgələrində ucqar kəndlərin qazlaşdırılması sürətlə həyata keçirilir. Bu sahədə görülən işlər əhalinin rifahının daha da yaxşılaşdırılması üçün atılan vacib addımlardandır.
Rövnəq Abdullayev bu sahədə işlərin daha da sürətlənəcəyini və gələn il respublika üzrə qazlaşdırmanın 95 faizə çatdırılacağını mərasim iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə bildirilib ki, 202 abonenti olan Küçeyi kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 14 min 414 metr olan metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Abonentlərin hər biri üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Kənd sakinləri yaşayış məntəqəsinə qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qaz xəttinin açılışını bildirən məşəl alovlandırıldıqdan sonra kəndə təbii qaz verilib.