REGİONLAR
Qubanın ucqar Afurca kəndində yeni məktəb binası istifadəyə verilib VİDEO
Quba, 26 noyabr, Elxan Yusifli, AZƏRTAC
Noyabrın 26-da Qubanın ucqar yaşayış məntəqələrindən biri, rayon mərkəzindən 40 kilometrə yaxın məsafədə yerləşən Afurca kəndində yeni məktəb binası istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, ikimərtəbəli, 120 şagird yerlik təhsil ocağının açılış mərasimində rayon icra hakimiyyətinin, təhsil şöbəsinin nümayəndələri, məktəbin müəllim və şagird kollektivi, eləcə də kənd sakinləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər ölkəmizdə elm və təhsilə göstərilən dövlət qayğısı nəticəsində bu sahənin davamlı inkişafı üçün möhkəm zəmin yarandığını vurğulayıblar.
Bildirilib ki, son illər Qubada da müasir tipli yeni məktəb binalarının inşası geniş vüsət alıb. Ötən 10 ildə rayonda 70-ə yaxın məktəb tikilib və ya əsaslı təmir olunub.
Afurca kəndində inşasına 2013-cü ildə başlanılan ikimərtəbəli təhsil ocağı müasir standartlara cavab verən bütün avadanlıqla təmin olunub. Məktəbin qızdırılması üçün istilik sistemi qurulub. Dövlət vəsaiti hesabına inşa olunan təhsil ocağında sinif otaqları ilə yanaşı, idman zalı, kitabxana, iki laboratoriya, kompyuter, eləcə də psixoloq və tibb otağı fəaliyyət göstərəcək. Məktəbdə “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin keyfiyyətli tədrisi üçün xüsusi otaq yaradılıb və lazımi əyani vəsaitlərlə təmin edilib.
Mərasimdə çıxış edənlər təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbirdə müəllim və şagirdlərin, kənd ağsaqqallarının təbriki, xeyir-duası dinlənildikdən sonra yeni təhsil müəssisəsinin açılışını bildirən rəmzi qırmızı lent kəsilib. Mərasim iştirakçıları məktəb binasında tədris üçün yaradılan şəraitlə yaxından tanış olublar.
Hazırda Qubanın Aspərasti, Məckə-Xacə, Ərməki və Çartəpə kəndlərində də yeni məktəb binaları tikilir. Yaxın günlərdə isə rayonun Alıc-Digah və Vəlvələ kəndlərində yeni təhsil ocaqlarının inşasına başlanılacaq.