REGİONLAR


Qubaya gələn turistlər daha çox Xınalıq və Afurca marşrutlarını seçir

A+ A

Quba, 13 iyul, Elxan Yusifli, AZƏRTAC

Bu il Quba rayonuna gələn turistlər daha çox Xınalıq kəndinə və Afurca şəlaləsinə səyahət edirlər. Turist sıxlığına görə birinci yerdə Quba-Xınalıq, ikinci yerdə isə Quba-Afurca marşrutudur.

Bu barədə AZƏRTAC-a müsahibəsində Quba Turizm İnformasiya Mərkəzinin turizm mütəxəssisi Mətləb Şıxbabayev məlumat verib. O bildirib ki, Quba rayonu Azərbaycan paytaxtına məsafə baxımından yaxın region olduğundan turistlərin ən çox axın etdiyi məkanlardandır. Xüsusilə bayram və istirahət günlərində Quba Turizm İnformasiya Mərkəzinə müraciətlərin sayında artım müşahidə olunur. Əcnəbi və yerli qonaqlar arasında Quba-Xınalıq, Quba-Afurca istiqamətləri ilə yanaşı, Quba-Ləzə və Quba-Xanəgah marşrutlarını seçənlər də çoxluq təşkil edir.

Son altı ayda mərkəzin xidmətlərindən 2 min 514 turist yararlanıb ki, onların da 400 nəfəri əcnəbidir. Əcnəbi turistlərin bəzilərinin Qubaya səfəri onlayn müraciətlər əsasında təşkil olunub. Mərkəzə müraciət edənlər rayona gələn turistlərin təxminən 8-9 faizini təşkil edir. Ümumilikdə isə bu il Qubaya on minlərlə turist gəlib.

Mətləb Şıxbabayev bildirib ki, hazırda Quba Turizm İnformasiya Mərkəzi gücləndirilmiş iş rejimində çalışır. Turistlərin rayonda istirahətini təmin etmək üçün “qaynar xətt” yaradılıb. Əcnəbi və yerli turistlər 24 saat ərzində (070) 530-76-70 nömrəsinə zəng edərək istirahət mərkəzləri, turizm marşrutları barədə ətraflı məlumat ala bilərlər. Quba Turizm İnformasiya Mərkəzi tərəfindən turistlərə ödəniş əsasında nəqliyyat vasitəsi və bələdçi təqdim olunur.

Müraciətlərin çoxluğu nəzərə alınaraq, rayonda mövcud turizm marşrutlarının sayının artırılması nəzərdə tutulur. Yeni marşrutlar əsasən Qubanın tarixi abidələrlə zəngin, əsrarəngiz təbiət mənzərələri ilə seçilən yaşayış məntəqələri istiqamətində müəyyənləşdiriləcək. Qubaya gələn turistlər 4 turizm marşrutundan faydalana bilərlər. Bunlar Quba-Xınalıq, Quba-Afurca, Quba-Ləzə və Quba-Xanəgah istiqamətlərində olan marşrutlardır.

Hazırda rayonda 40-a yaxın istirahət mərkəzi fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.