İQTİSADİYYAT
Qulam İsakzai: Azərbaycan yüksək kənd təsərrüfatı potensialına malikdir
Bakı, 27 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov BMT İnkişaf Proqramının ölkəmizdəki rezident əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, məqsəd BMT İnkişaf Proqramı, Qlobal Ətraf Mühit Fondu və Kənd Təsərrüfatı Nazirliyinin birgə həyata keçirəcəkləri “Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi” layihəsinə hazırlıq məsələlərinin müzakirəsi olub.
Heydər Əsədov ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, həyata keçirilən institusional islahatlar, əldə olunan nailiyyətlər və reallaşdırılan beynəlxalq layihələr barədə ətraflı məlumat verib.
Görüşdə “Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi” layihəsinin komponentləri üzrə müzakirələr aparılıb.
Qulam İsakzai ölkəmizdə baş verən yenilikləri maraqla izlədiyini qeyd edib, Azərbaycanın yüksək kənd təsərrüfatı potensialına malik olduğunu bildirib. BMT İnkişaf Proqramının rezident əlaqələndiricisi ölkəmizlə aqrar sahədə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.