CƏMİYYƏT


Quldurluq cinayətlərinin qarşısının alınması istiqamətində uğurlu əməliyyat-axtarış tədbiri keçirilib VİDEO

Bakı, 6 iyun, AZƏRTAC 

Daxili işlər orqanları mülkiyyət və şəxsiyyət əleyhinə olan, xüsusən quldurluq cinayətlərinin qarşısının alınması və bu tipli qanun pozuntularını törədən şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyunun 3-də saat 18 radələrində Nəsimi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Ülkər Rəhimovaya zor tətbiq edib və onun qızıl boyunbağısını qırıb götürərək hadisə yerindən qaçıb.

Nəsimi Rayon Polis İdarəsi və ərazidə olan Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının operativ şəkildə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Alı Tağıyev hadisə yerindən bir neçə yüz metr kənarda saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin həmin gün Nəsimi rayonu ərazisində Dilarə Qəniyeva adlı başqa bir qadını da döyərək onun qızıl boyunbağısını quldurluq yolu ilə ələ keçirdiyi də məlum olub.

Saxlanılan şəxsin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsinə A.Tağıyevin paytaxtın Nəsimi və Nərimanov rayonları ərazisində qadınlara qarşı, ümumilikdə, üç quldurluq və iki soyğunçuluq cinayəti törətdiyi də məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Polis əməkdaşları quldurluq və soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə və ya Nəsimi Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.