REGİONLAR
Quraqlığa və xəstəliyə davamlı taxıl sortları əkinçilikdə mühüm şərtdir
Qobustan, 20 oktyabr, Adil Ağayev, AZƏRTAC
Aqrar bölmənin əsas prioritet sahələrindən olan taxılçılığın hər bir ölkənin, o cümlədən Azərbaycan əhalisinin ərzaq təhlükəsizliyinin təminatında xüsusi yeri var. Digər tərəfdən taxılçılıq sahəsi həm də heyvandarlıqda qüvvəli və qaba yemə olan tələbatın ödənilməsində mühüm rol oynayır.
Prezident İlham Əliyevin ölkənin ərzaq təhlükəsizliyi, taxıla olan tələbatının yerli istehsal hesabına tam ödənilməsi ilə əlaqədar verdiyi tapşırıqlar və qarşıya qoyduğu konkret vəzifələr bu gün gündəmdə prioritet məsələ olaraq qalır. Qeyd edək ki, respublikamızda taxıl istehsalının artırılması ilə əlaqədar yaradılan ixtisaslaşmış təsərrüfatları yüksək kondisiyalı toxumlarla təmin etmək və ölkədə toxumçuluq işini yaxşılaşdırmaq məqsədilə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun bazasında müxtəlif yerlərdə 5 bölgə təcrübə stansiyası fəaliyyət göstərir. Bu stansiyalardan biri də Qobustan Bölgə Təcrübə Stansiyasıdır.
AZƏRTAC xəbər verir ki, stansiyada yüksək məhsuldar və keyfiyyətli, quraqlığa, şaxtaya və xəstəliklərə davamlı sort və hibridlərin yaradılması, becərmə texnologiyası, ilkin toxumçuluğun təşkili ilə bağlı tədqiqatlar aparılır.
Qobustan Bölgə Təcrübə Stansiyasının direktoru Atabəy Cahangirov aparılan tədqiqatlar, əldə olunan uğurlar barədə məlumat verərək bildirib ki, stansiya Dağlıq Şirvan bölgəsinin dağətəyi hissəsinin quraq dəmyə şəraitində, dəniz səviyyəsindən 780 metr yüksəklikdə yerləşir. Burada dənli, dənli-paxlalı bitkilərin seleksiyası və toxumçuluğu şöbələri fəaliyyət göstərir. Seleksiya şöbəsi əsasən hibridləşmə və introduksiya edilən sortlardan fərdi seçmə yolu ilə yerli şəraitə uyğunlaşan yeni buğda, arpa və noxud növlərinin yaradılması ilə məşğuldur. Son illərdə Qobustan Bölgə Təcrübə Stansiyasında əlverişsiz iqlim amillərinə və xəstəliklərə davamlı yüksək keyfiyyətli “Qızıl buğda” buğda sortu, “Qüdrətli-48” və “Dəyanətli” arpa sortları, noxudun “Sultan” sortu seçilərək rayonlaşdırılıb. Təcrübə Stansiyasının əməkdaşları yüksək məhsul almaq üçün aqrotexniki tövsiyələrə düzgün əməl edilməsi ilə yanaşı, yeni yaradılan yüksək məhsuldar və keyfiyyətli, quraqlığa, şaxtaya və xəstəliklərə davamlı “Qobustan”, “Qızıl buğda” buğda sortları, “Qüdrətli-48”, “Dəyanətli” arpa sortları və noxudun “Nərmin”, “Sultan” sortlarının toxumçuluğu ilə məşğuldurlar. Həmin sortların hesabına stansiyada məhsuldarlıq get-gedə artıb və hər hektardan məhsuldarlıq 18-20 sentnerdən 27 sentnerə yüksəlib.
Dənli bitkilərdən stabil məhsul alınmasının təşkili nöqteyi-nəzərindən əvvəlki iki ilin hava şəraiti və bu şəraitin istehsala təsiri diqqətçəkicidir. Belə ki, 2015-ci və 2016-cı ilin iqlim şəraiti qeyri-stabil olub. 2015–ci ildə aprel, may və iyun aylarında düşən yağıntıların miqdarı orta çoxillikdən 88 millimetr az olub. Yəni payızlıq buğdanın sünbülləmə, çiçəkləmə, dən dolma fazaları quraq şəraitdə keçib. Ona görə də bitkilərin boyu qısa olub, assimilyasiya səthinin sahəsi azalıb, mayalanma zəif gedib. Nəticədə dənlər zəif dolub, yəni 1000 dənin çəkisi az olub və ümumi məhsuldarlıq aşağı düşüb. 2016-cı ildə isə aprel və may ayının ikinci ongünlüyündə yağıntılar kifayət qədər olub ki, bu da həmin dövr üçün orta çoxillikdən artıqdır. Həmin dövrdə havanın temperaturu göbələk xəstəliklərinin inkişafı üçün tam əlverişli keçib. Nəticədə buğdada “sarı pas” xəstəliyi sürətlə yayılıb, bu da gələcək məhsuldarlığa mənfi təsir göstərib. Digər tərəfdən, həmin il may ayının ikinci ongünlüyündən başlayaraq tam yetişməyə qədər yağıntının olmaması və havanın temperaturunun orta çoxillikdən yüksək olması faktorları da dənin dolmasına mənfi təsir edib. Yekunda məhsuldarlıq aşağı düşüb. Lakin qeyd etmək lazımdır ki, Qobustan Bölgə Təcrübə Stansiyasında yaradılan və istehsalata tətbiq olunan yeni yüksək məhsuldar “Qobustan”, “Qızıl buğda” buğda sortları, “Qüdrətli- 48”, “Dəyanətli” arpa sortları və noxudun “Nərmin”, “Sultan” sortları yuxarıda göstərilən mənfi təsirlərə az məruz qalıb. Belə ki, dünyada və respublikada geniş yayılan və fermerlərin çox istifadə etdiyi “Bezostaya 1” sortunun məhsuldarlığı 2015-ci ildə 25,1, 2016-cı ildə isə 18,8 sentner olduğu halda, respublikanın həm quraq və həm də suvarma aparılan bölgələrində əkilən “Qobustan” və “Qızıl buğda” sortlarının məhsuldarlığı müvafiq olaraq 25,7, 34,5 və 26,7, 30 sentner olub.
Ötən iki ilin nəticələri bir daha göstərib ki, dənli bitkilərin istehsalında düzgün aqrotexniki qulluq və keyfiyyətli sortların seçilməsi mühüm rol oynayır. Belə ki, bu halda əlverişsiz hava şəraitində məhsul itkisi nisbətən az olur. Ona görə də Dağlıq Şirvan bölgəsində yüksək məhsul əldə etmək üçün vaxtında qaldırılan və becərilən herik şumunun tətbiqi və aqrotexniki tövsiyələrə düzgün əməl edilməsi ilə yanaşı, həm də əkin zamanı Qobustan Bölgə Təcrübə Stansiyasında son illərdə yaradılan quraqlığa və xəstəliklərə davamlı olan taxıl və noxud sortlarından istifadə edilməsi məqsədəuyğundur.