ELM VƏ TƏHSİL
Qurban Qurbanov Bakı Ali Neft Məktəbinin qonağı olub
Bakı, 31 oktyabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) məşhur futbolçu, “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanovla görüş keçirilib.
BANM-dən AZƏRTAC-a bildirilib ki, görüşdə bu ali məktəbin rektoru Elmar Qasımov Q.Qurbanovun idman karyerasından və başçılıq etdiyi komandanın uğurlarından söhbət açıb. “Qarabağ” futbol klubunun azarkeşi olduğunu deyən E.Qasımov klubun daşıdığı adın hər bir azərbaycanlı üçün əziz olduğunu vurğulayıb. BANM-in rektoru qeyd edib ki, xaricdə Azərbaycan idmanını layiqincə təmsil edən Q.Qurbanovun və klubun üzvlərinin sayəsində Avropada və bütün dünyada “Qarabağ” sözü qələbə rəmzinə çevrilir.
Bildirilib ki, 2009-cu ildən “Qarabağ” futbol klubu müntəzəm olaraq UEFA-nın Avropa liqasında çıxış edir və komanda üç dəfə pley-off mərhələsinə vəsiqə qazanıb. Ötən il “Qarabağ” öz tarixində ikinci dəfə Azərbaycanın çempionu titulunu qazanıb və Çempionlar Liqasında iştirak üçün vəsiqə əldə edib. Avropa yarışlarında klubun nailiyyətlərinə görə Q.Qurbanov Azərbaycanın ən uğurlu məşqçilərindən biri hesab olunur.
Vaxtilə Azərbaycan milli komandasının ən yaxşı hücumçusu olan Q.Qurbanov Bakı Ali Neft Məktəbi haqqında təəssüratlarını bölüşüb. O qeyd edib ki, BANM-in tələbələri çox savadlı və istedadlı gənclərdir. Onlar bilikləri sayəsində bu ali məktəbdə təhsil almaq hüququ qazanıblar. BANM-in hazırladığı yüksəkixtisaslı mühəndis kadrlar Azərbaycanın uğurlu neft-qaz sənayesinin inkişafı üçün lazımdır.
Sonda Q.Qurbanov sualları cavablandırıb.