İDMAN
Qurban Qurbanov: Çoxsaylı azarkeş önündə oynamaq maraqlı olacaq
Bakı, 29 iyul, AZƏRTAC
“Seltik” böyük tarixi olan klubdur və bu komandanın gücü hər kəsə bəllidir. Özünəməxsus oyun sərgiləyirlər və hansısa futbolçunun adını çəkməyim düzgün olmazdı. Yüksək səviyyəli futbolçuları var.
AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqası yarışlarının üçüncü təsnifat mərhələsi çərçivəsində Şoltandiyanın “Seltik” klubu ilə qarşılaşacaq Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Baş məşqçi əlavə edib ki, “Seltik” oyunun favoritidir. Amma oyunda istənilən nəticə qeydə alına bilər. “Seltik”in nümayəndələrinin “Qarabağ”ı tərifləməsi onları yüksək peşəkarlığından irəli gəlir. Bizim üçün əlbəttə bu sözləri eşitmək xoşdur. Amma bu, bizi daha məsuliyyətli olmağa vadar edir. Belə gözəl stadionda, çoxsaylı azarkeşlər önündə oynamaq maraqlı olacaq. Futbolçularımızın hər hansı təzyiqlə üzləşəcəyinə inanmıram. Onların belə oyunlarda təcrübəsi olduğunu düşünürəm.
İyulun 29-da Bakı vaxtı ilə 23:45-də başlayacaq oyun “Seltik Park Arena”da təşkil olunacaq. Görüşü avstriyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Robert Şorgenhofer olacaq. Ona həmyerliləri Matias Vinsaue və Riçard Hubler köməklik edəcəklər. Dominik Ouşan isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulan Azərbaycan çempionu “Qarabağ” Monteneqronun "Rudar" komandasını yarışdan kənarlaşdırıb.