İDMAN


Qurban Qurbanov: Daha çox hücuma çıxmalı, aqressiv və sürətli oyun göstərməliyik

A+ A

Bakı, 24 avqust, AZƏRTAC 

Bizim nə dərəcədə hazır olmağımız oyundan sonra məlum olacaq. Nəticə hər iki komanda üçün çox vacibdir.

AZƏRTAC xəbər verir ki, bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Baş məşqçi Avropa Liqasının “pley-off” mərhələsində İsveçin “Höteborq” klubu ilə keçiriləcək cavab görüşündən öncə təşkil olunmuş mətbuat konfransında deyib: “Müdafiə güclü olmalıdır. Ancaq hücum oyunu oynamalıyıq. İlk oyunda iki cərimə zərbəsindən biri qol oldu. Daha çox hücuma çıxmalı, aqressiv və sürətli oyun göstərməliyik. Komandada psixoloji vəziyyət normaldır. Qalib gəlmək istəyiriksə, ilk dəqiqələrdən qol vurmağa çalışmalıyıq”.

Yerli mütəxəssis qeyd edib ki, meydana çıxacaq heyətdə yeniliklər az olacaq. Hətta ola bilər ki, dəyişiklik olmasın. Bu cür oyunda birdən-birə dəyişiklik etməyə ehtiyac yoxdur.

Baş məşqçi “Qəbələ”nin Sloveniya “Maribor”u ilə keçirəcəyi cavab görüşü haqda da fikirlərini dilə gətirib: “Üstünlük “Qəbələ”dədir. Amma elə də asan oyun olmayacaq. Komanda istəkli, məşqçiləri işgüzardır. Onlara uğurlar arzu edirəm. İnanıram ki, uğur bizim tərəfimizdə olar. Nə “Qəbələ”nin, nə də bizim işimiz asan deyil”.

Qeyd edək ki, avqustun 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Höteborq” oyunu saat 20:30-da başlayacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.